“BakuBus” vədinə əməl etmir

 17:19 04.07.2022     1034

Bu ilin aprelin 30-da “BakuBus” MMC istismarında olan 5 və 7A nömrəli marşrut xətləri üzrə hərəkət edən avtobuslarda pulsuz WiFi xidmətinin tətbiqini bəyan etdi.

Lakin o gündən 3 aydan çox keçsə də, 5 nömrəli marşrut xətləri üzrə hərəkət edən avtobuslarda pulsuz WiFi sərnişinlər üçün əlçatmaz olub.

Bu barədə Redaktor.az-a  həmin marşrutdan müntəzəm istifadən edən sərnişinlər məlumat veriblər.

Onların sözlərinə görə, avtobuslarda WiFi xidmətinə qoşulma olsa da, internet yoxdur. Bu avtobusların bəzilərində ümumiyyətlə WiFi quraşdırılmayıb.

“BakuBus” MMC-dən şikayətlə bağlı sorğumuza cavab olaraq bildirildi ki, sözügedən marşrutda avtobuslar 30.04.2022-ci il tarixindən pulsuz WiFi xidmətinə qoşulub və həmin tarixdən sonrakı 3 ay sınaq müddəti kimi götürülüb.

“Hazırda bu sahədə qarşıya çıxan çətinliklərin aradan qaldırılması, o cümlədən şirkətə məxsus avtobuslardan istifadə edən sərnişinlərin daha sürətli internetlə təmin olunması istiqamətində iş aparılır. Yaxın vaxtlarda qarşıya çıxan çətinliklər aradan qaldırılaraq avtobusların daha sürətli internetlə təchiz olunması nəzərdə tutulur”,- deyə məlumatda qeyd edilib.

Bəzi avtobuslarda WiFi-ın quraşdırılmaması məsələsinə də toxunularaq qeyd olunub ki, “BakuBus” MMC-nin istismarında olan marşrut xətləri üzrə avtobusların mərhələli şəkildə pulsuz bu xidmətə qoşulması planlaşdırılır.

Qeyd edək ki, hazırda “BakuBus”a məxsus avtobuslarda WiFi-ya daxil olmaq üçün sərnişinlərin ad, soyad və telefon nömrəsi ilə qeydiyyatdan keçməsi tələb edilir. Bu kimi şəxsi məlumatlar nə dərəcədə əhəmiyyətlidir və necə qorunur? sualı MMC-dən belə cavablandırılıb:

““BakuBus” MMC-yə məxsus avtobuslarda sərnişinlərin pulsuz WiFi xidmətindən istifadə etməsi mövcud şərtlər çərçivəsində tənzimlənib və məlumatlar qanunvericiliyə uyğun olaraq qorunur. Həmçinin, bildiririk ki, artıq “BakuBus” MMC-yə məxsus avtobuslardan istifadə edən sərnişinlərdən pulsuz WiFi xidmətinə qoşulmaq üçün telefon nömrəsini yazmaq tələb olunmur. Onlar ad və soyadlarını daxil etməklə, pulsuz WiFi xidmətinə qoşula bilirlər”.

Nərmin Vüqarqızı

Vumart və Güvən reklamı Vumart Güvən