Masazırda avtobus sürücüləri sərnişinləri incidir - Avtomobil Nəqliyyatı Xidməti yalnız "xəbərdarlıq" edir...

 17:23 05.07.2022     1444

Abşeron rayonu, Xırdalan dairəsindən Masazır qəsəbəsinə hərəkət edən 517 nömrəli marşrut xəttindən şikayətlərin ardı-arası kəsilmir. İllərdir, Masazır qəsəbəsi ərazisində gedən inkişafa baxmayaraq, avtobusları sanki ötən əsrdən qalıb...

517 nömrəli avtobus və sürücülərin özbaşınalığından təngə gələn sərnişinlər Redaktor.az - a müraciət ediblər. Müraciətdə bildirilir ki, sakinlər dəfələrlə şikayət etsələr də, onların harayına çatan olmayıb.

 “Səhərlər vaxtında gəlib gedirlər, o ki axşam oldu, aləm dəyir bir-birinə. 10 dəqiqəlik interval olur yarım saat. Yarım saat sonra gələn avtobusa da təbii ki, minmək hər kəsə məlum olduğu kimi  mümkün olmur”, - deyə Masazır sakini Qaracayev Əlləz bildirib.

Digər sakin Elçin Bayramovun sözlərinə görə, avtobusun gecikməyi bir yana, birtəhər yorğun-arğın avtobusu gözləyirlər, amma gözləri yollarda qalır: “Ümumiyyətlə, avtobusun gecikməyi başa düşüləndir, ola bilər, yollar tıxacdır. Baxmayaraq ki, 517-nin yollarının tıxacı heç zaman bitmir. İşdən çıxıb yorğun halda gəlirsən dayanacağa bütün əsəblərin pozulur. Ya avtobus gecikəcək, ya gəlməyəcək, ya da gəlib dayanacaqdan düz keçəcək”.

Mənsurə xala deyir ki, bu avtobus adama  “dözümlü olmağı” öyrədir:

“Qonşuların sözlərində hər bir halda həqiqət var. Amma bütün bunlardan əlavə, avtobus sürücüləri insanı çilədən çıxarır. 2 metrlik avtobusda ya siqaret çəkib avtobusu dumanla dolduracaq, ya bütün sülaləsi ilə telefonda danışacaq, ya da avtobus hərəkətdə olarkən qəpikləri saymaqla məşğul olacaq. Sözümün canı odur ki, sürücü avtobusu idarə etməkdən başqa hər işlə məşğul olur. Elə bil insan yox, "qurbanlıq qoyun" daşıyırlar...”

Bu şikayətlərlə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə əlaqə saxladıq. Qurumun sözçüsü Pərvanə Əliyeva bildirdi ki, 517 nömrəli marşrut xəttində gündəlik 10 avtobus 7 dəqiqə intervalla fəaliyyət göstərir.

Mətbuat katibi sözügedən marşrutun iş qrafikinə də toxunaraq qeyd etdi ki, avtobusların hərəkət qrafiki səhər saat 06:30-dan axşam 21:00-a qədərdir.

"Bu qrafik sərnişin axını nəzərə alınmaqla tənzimlənir. Axşam saatlarında tıxac olan zaman avtobusun qrafikində müəyyən gecikmələr ola bilir”,- deyə o, vurğuladı.

Mətbuat katibinin diqqətinə həmin marşrutda işləyən sürücülərin axşam saatlarında sərnişinləri yarı yolda düşürmələrini çatdırdıqda bildirdi ki, artıq bununla bağlı marşrut sahibinə xəbərdarlıq edilib.

Sonda P.Əliyeva onu da əlavə etdi ki, sözügedən marşrutun avtobus parkının yenilənməsi nəzərdə tutulub:

“Sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsi məqsədilə şəhərlərarası və şəhərdaxili marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim edilir. Müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olmasıdır. “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019 – 2023-cü illər üçün Dövlət Proqramı” na əsasən avtobus parkının yenilənməsi mərhələli şəkildə həll edilməsi nəzərdə tutulur. Bununla bağlı sahibkarlara artıq müvafiq xəbərdarlıq edilib”.

Nərmin Vüqarqızı

 

 

Vumart və Güvən reklamı Vumart Güvən