"Valideynlər çox ayıq olmalıdır, əks təqdirdə..." - Psixoloq Vəfa Əkbər

 13:40 08.07.2022     2913

Azərbaycanda tez-tez intihar hadisələri barədə məlumatlar yayılır. Bütün bunlar onu göstərir ki, ölkəmizdə intihar edənlərin sayı çoxalıb.

Nazirlər Kabinetinin hesabatına əsasən təkcə 2021-ci ildə 612 intihar faktı qeydə alınıb ki, bunun 438-i kişi, 147-si isə qadın tərəfindən törədilib.

Bəs insanlar nə üçün bu qədər intihara meyl  edirlər? Bunun səbəbi nədir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan psixoloq Vəfa Əkbər bildirdi ki, bu mövzu olduqca genişdir.

Onun sözlərinə görə, intiharlara yaş kateqoriyası, insanın yaşadığı problemlər və psixologiyası nöqteyi-nəzərdən baxılmalıdır.

“Son zamanlar intiharların artmasının səbəbi bir neçə faktordan irəli gəlir. Birinci növbədə ailə bağları durur. Ailədə danışıq tərzi, ünsiyyətin qırılması və ya o ünsiyyətin qarşı tərəfin həyatını zəhərləməsidir. Burada təhqirlər, həmin insanın alçalması, şəxsiyyətinə qarşı mənəvi və psixoloji basqılar olduğu və artdığı təqdirdə həmin insan ailədəki rolunu itirir. Bu da bərabərsizlik yaradır.

Bir digər səbəb də odur ki, həmin şəxsin bir neçə dəfə çağırışlarına, “imdad” istəyinə fikir verilməyib və o insan artıq yox olmaq istəyir. Burada ünsiyyəti əsas götürmək lazımdır. Əgər sağlam münasibət qura biliriksə, danışa biliriksə, özümüzü ifadə edə biliriksə, o zaman həyat yaşam və ya ölüm arasında seçim etməyə məcbur etmir. Bu zaman “yaşamaq və necə yaşamaq”sualı ön plana keçir”,- deyə psixoloq əlavə etdi.

Psixoloq onu da qeyd etdi ki, ictimai və sosial gərginliyin artdığını inkar etmək olmaz. Onun sözlərinə görə, maddi sıxıntılar, iş gərginliyi, fasiləsiz və tətilsiz işləmək, həddindən artıq iş ilə yüklənmək insanı o qədər yorur ki, həmin insanlar artıq doğmalarını, ətrafı və sevdikləri ilə ünsiyyəti kəsir:

“Ünsiyyəti kəsdiyi üçün bu birinci növbədə onun özünə, ikinci növbədə isə onun doğmalarına təsir edir. Bu da intihara səbəb olur.

Üçüncü faktor isə insanın psixoloji tarazlığıdır. Əgər bir insan qarşısına çıxan çətinliyin öhdəsindən gələcək durumdadırsa, sinirləri onu götürəcək tərzdədirsə, o, bu durumdan baş açacaq. Əgər onun psixologiyası zəifdirsə, o zaman o gərgin olacaq və ən asan yola əl atacaq, yəni intihara”.

Vəfa Əkbərin sözlərinə görə, buradakı cəzalandırma faktını görməzdən gəlmək olmaz:

“Məsələn, “mən indi özümə qəsd edim, yoxluğum səni incitsin və bir ömür sən peşman ol”. Bu, daha çox uşaqlar, yeniyetmələr və gənclər arasında yayılan səbəbdir. Dərinliyinə getsək, bəlkə də görərik ki, o özünü öldürmək yox, sadəcə valideyninə cəza vermək istəyir. Çünki özünün valideyninin gözündə nə qədər dəyərli olduğunu görmək istəyirlər. Bunun üçün valideynlər çox ayıq olmalı, uşaqlarını tanımalı, dilini tutmağı bacarmalı və onlarla ünsiyyət saxlamalıdırlar. Əks təqdirdə intiharlar qaçılmaz olacaq”.

Nərmin Vüqarqızı

Vumart və Güvən reklamı Vumart Güvən