"“Çinar Trans”da avtobuslarla bağlı vəziyyət qənaətbəxş deyil” – Mais Ağayev

 20:00 20.07.2022     940

Bakı Nəqliyyat Agentliyi müntəzəm sərnişindaşıma xidməti göstərən "Çinar-Trans" şirkətinə rəsmi xəbərdarlıq məktubu göndərib.

Bu barədə qurumun şöbə müdiri Vüqar Məmmədzadə məlumat verib. Onun sözlərinə görə, mətbuatda öz əksini tapmış 165 nömrəli marşrutdakı nöqsanlarla bağlı monitorinq aparılıb.

Monitorinq nəticəsində məlum olub ki, 165 nömrəli marşrutda 18 ədəd avtobus 6-7 dəqiqə hərəkət intervalı ilə xidmət göstərməsinə baxmayaraq, günün pik saatlarında marşrutun hərəkət sxemi üzrə yollarda, xüsusən Binəqədi şosesində yaranan nəqliyyat sıxlığı avtobuslararası hərəkət intervalında ləngimələr, eyni zamanda marşrutda avtobusların ümumi dövrünün gecikmələr yaşanır.

Məlumat üçün bildirək ki, Binəqədi-Bakı istiqamətində də hərəkət edən marşrut xətləri "Çinar-Trans" MMC-nin istismarındadır və bu şirkətin avtobusları yarasız haldadır.

202, 133 və 170 nömrəli avtobuslarda isə vəziyyət daha dözülməzdir.

Yayın bu qızmar vaxtında kondisionersiz avtobuslara maksimum sərnişin tutumu 22 nəfər olan avtobuslarda ən az 60-70 adam daşınır. Eyni zamanda avtobusların intervalında yarım saat – 40 dəqiqə gecikmə olur.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev bildirdi ki, bu avtobus xətlərində baş verən problemlərlə bağlı sərnişinlər tərəfindən çoxsaylı müraciətlər daxil olub.

“Bununla bağlı həm vətəndaşlar məlumat verir, həm də gündəlik aparılan monitorinqlər nəticəsində görürük ki, bəli, sözü gedən marşrutlarda  vəziyyət ürək açan deyil. Həmin marşrutların istismarını həyata keçirən “Çinar Trans” şirkəti qarşısında 165, 133, 202 və digər marşrutlarla  bağlı məsələ qaldırmışıq ki, avtobus parkı yenilənsin. Sözün düzü bir neçə dəfə buna cəhd göstərdilər. Amma bu çoxdan olub.

Həqiqən indiki vəziyyət vəziyyət qənaətbəxş deyil. Bizi də, sərnişinləri də qane etmir. Ona görə də, sözügedən daşıma şirkətinə xəbərdarlıq edilib ki, bu problemləri həll etsinlər”, - deyə M.Ağayev vurğuladı.

Həmsöhbətimiz onu da əlavə etdi ki, xəbərdarlıqlara əhəmiyyət verməyən həmin daşıyıcı şirkətin fəaliyyəti dayandırılır və marşrıt xətti başqa bir daşıyıcıya verilir.

 

Nərmin Vüqarqızı

2