Avtobusların sayının artırılması gecikmənin həlli deyil – BNA

İstifadə etdiyimiz bir çox avtobusların günün əsasən, səhər və axşam saatlarında gecikdiyini müşahidə edirik.
Rəsmi qurumlara müraciət etdikdə isə bildirilir ki, şəhərin filan yerində tıxac olduğuna görə marşrut xətlərində gecikmə yaşanır.
Nəzərə alsaq ki, yay mövsümüdür, təhsil ocaqları fəaliyyət göstərmir, insanların bir çoxu rayonlara və xaricə istirahətə gedib bu qədər tıxacın və ictimai nəqliyyatda bu cür gecikmənin səbəbi çox müəmmalıdır.
Bir sıra küçə və prospektlərdə avtobus zolaqları çəkilsə də, gecikmələr nəzarətə alına bilmir.
Mövzu ilə bağlı Bakı Nəqliyyat Agentliyinə (BNA) müraciət etdik.
Qurumun sözçüsü Mais Ağayev Redaktor.az-a bildirdi ki, pik və ya qeyri-pik saatlara müntəzəm marşrut xətləri üzrə avtobuslararası intervallarda müşahidə olunan gecikmələr gündəlik xəttə çıxan avtobusların sayı ilə bağlı deyil.
“Adi rejimdə əgər xətlərə 2100-2200 avtobus çıxırdısa, hazırda sərnişin tələbatının azaldığı nəzərə alınmaqla xətlərə 1900-2000 avtobus çıxarılır. Bu rəqəmin sərnişin tələbatından asılı olaraq artırılması da mümkündür. Gecikmələri yaradan başlıca səbəb yollardakı nəqliyyat sıxlıqlarıdır. Hər hansısa bir yolda sıxlıq varsa, həmin istiqamətə əlavə avtobus buraxmaqla sıxlıqda qalan avtobusların sayını artırmış oluruq. Bunun isə dayanacaqda qalıb dəqiqələrlə gözləyən sərnişinə hər hansısa bir faydası yoxdur”,- Mais Ağayev qeyd etdi.
BNA rəsmisi onu da vurğuladı ki, avtobuslararası intervalların tənzimlənməsinin ən düzgün yolu avtobus zolaqlarının əhatə dairsinin genişləndirilməsinə nail olmaqdır.
“Bəli, bu gün paytaxtımızda 10 küçə və prospektdə belə zolaqlar var. Lakin bu zolaqların davamsızlığı və zolağın tələbinə riayət olunmaması hədəflənən səmərəli nəticələr əldə etməyə imkan vermir. Misal üçün 7A müntəzəm marşrut xətti üzrə avtobusların da keçdiyi Qara Qarayev prospektini götürək. Burada da zolaq var. Amma zolağın tələbinin bütün prospekt boyunca kobud şəkildə pozulması səbəbindən avtobuslar gecikmə ilə hərəkət etməli olurlar. Əgər bu hissədə avtobus zolağının tələbinə riayət olunarsa o zaman pik saatlarda belə 7A müntəzəm marşrut xətti üzrə avtobuslar metronun “Əhmədli” stansiyasının qarşısındakı dayanacaqdan metronun “Q. Qarayev” stansiyasının qarşısındakı dayanacağa qədər olan məsafəni 14 dəqiqəyə qət edə bilər. Amma indiki halda bu müddət 30/35 dəqiqə bəzən isə daha çox olur.
Avtobus zolağı sərnişinlərin avtobuslarla səfərlərinin müddətini ən azı iki dəfə azaldır. Bunun özü ictimai nəqliyyatdan istifadəni stimullaşdırır. Nəticə etibarı ilə insanlar fərdi avtomobillə deyil, daha çox avtobuslarla hərəkətə üstünlük verəcəklər ki, bu da bilavasitə nəqliyyat sıxlıqlarının azalması baxımından əhəmiyyətlidir”,- M.Ağayev əlavə etdi.
Nərmin Vüqarqızı