"Suda batanların xilası üçün saniyələrin önəmi var" - Mütəxəssis

 21:35 04.08.2022     744

Yayın qızmarında insanlar sərinləmək üçün əsasən çimərliklərə üz tutur. Bəzən insanların laqeydliyi və özlərini təhlükəyə atması bəzən ölümlə nəticələnir. Son zamanlar də istər dənizdə, istərsə də digər su hövzələrində batanların çoxaldığını müşahidə edirik.

Demək olar ki, hər gün mətbuatda “Yeniyetmə kanalda boğuldu”, “Tələbə dənizdə batdı”, “FHN dənizdə batan şəxsi xilas etdi”, “Gənc musiqiçi Xəzərdə boğuldu”, “İki qardaş göldə batdı”, “Ata və oğul dənizdə boğuldu” və sair başlıqlı xəbərlərlə rastlaşırıq. Bu da təbii ki, haqlı olaraq cəmiyyətdə narahatlıq yaradır.

Məsələ ilə bağlı Redaktor.az-a danışan Fövqəladə Hallar Nazirliyi (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili bildirdi ki, istər maarifləndirmə tədbirlərində, müşavirələrdə, istərsə də kütləvi informasiya vasitələrinin (KİV) imkanlarından istifadə edərək, vətəndaşlara müraciət edilir ki, gedəcəkləri çimərliklər haqqında məlumatlı olsunlar.

“Əgər hər hansı bir çimərlikdə xilasedici yoxdursa, bu həmin ərazidə təhlükəsizlik tədbirlərinin görülmədiyini və bu kimi yerlərdən istifadənin təhlükəli olduğunu bildirir. Beləliklə, biz dənizdə təhlükə ilə üz-üzə qaldıqda, köməyimizə xilasedici gəlməlidir. Əgər həmin ərazidə də xilasedici yoxdursa, sözsüz ki, bizə heç kim kömək etməyəcək. Biz xidmət olaraq, nəzarətsiz ərazidən də müraciət daxil olduqda, dərhal köməyə gedirik. Lakin, nəzərə alın ki, suda batan insanların xilas olunması üçün saniyələrin önəmi var. Bu baxımdan da, vətəndaşlar diqqətli olmalıdırlar. Əgər hər hansı bir çimərlikdə xilasedici yoxdursa, həmin ərazidən istifadə etməməlidirlər”,- o dedi.

A. Əlilinin sözlərinə görə, FHN və IDEA İctimai Birliyi tərəfindən Bakı şəhərinin Səbail, Qaradağ, Xəzər, Sabunçu və Binəqədi rayonlarında yaradılmış 6 ictimai çimərlikdə xidmət göstərilir:

“Nəzərinizə çatdırım ki, bizim xidmət apardığımız ərazidə ölümlə nəticələnən suda boğulma hadisəsi qeydə alınmayıb. Bir faktı da qeyd edim ki, çimərlik mövsümündə 78 nəfər olmaqla, ümumilikdə il ərzində 104 suda boğulma təhlükəsi ilə üzləşən şəxslər, tərəfimizdən xilas olunub. Onlar hazırda sağlam həyatlarını davam etdirirlər. Bu rəqəmlər də onu deməyə əsas verir ki, doğrudan da nəzarət olunan ərazilərdən istifadə etməli və xilasedicilərin xidmət apardığı ərazilərdə tətbiq olunan qaydalara əməl etmək lazımdır”,- mütəxəssis əlavə etdi.

Su kanallarının, çayların və süni göllərin çimərlik təyinatı kimi nəzərdə tutulmadığını vurğulayan FHN rəsmisi onu da bildirdi ki, 10-15 arası yaş qrupunda olan yeniyetmələr bu su hövzələrindən istifadə edirlər və bədbəxt hadisələr baş verir.

“Bəzən həmin ərazilərdə suyun altında müxtəlif daş, qaya parçaları, dəmir, beton qalıqları və yaxud da çayların dib hissəsində qalın lil qatı olur ki, insan ora düşəndə artıq çıxa bilmir. Bu baxımdan, valideynlər xüsusilə diqqətli olmalı, imkan verməməlidirlər ki, övladları bu kimi təhlükəli ərazilərdən istifadə etsinlər.

Mətbuat vasitəsilə bir daha vətəndaşlara müraciət edirəm ki, nəzarətsiz ərazilərdən istifadə etməsinlər, çimərliyə gedərkən hava şəraitinə fikir versinlər. Küləyin sürəti saniyədə 10 metrdən artıq olduqda, artıq çimərlikdən istifadə etmək qadağandır. Nəzarət olunan çimərlikdə isə üzmə sərhədlərini müəyyən edən nişanları ötüb keçmək, spirtli içki qəbul edərək sərxoş halda suya girmək, suda kobud hərəkətlər etmək qadağandır. Yadda saxlamaq lazımdır ki, 13 yaşına qədər uşaqlar yalnız valideynlərin müşahidəsi ilə çimərlikdən istifadə etməli və çimərlikdə nəzarətsiz qoyulmamalıdır. Çimərliklərdə təhlükəsiz istirahət səhər saat 9-dan axşam saat 8-ə kimidir. Hər hansı bir təhlükə baş verərsə 112 qaynar xəttinə zəng vurmaq lazımdır”.

Nərmin Vüqarqızı

2