Pirşağı sahilində qeyri-qanuni tikinti aparılır? - AÇIQLAMA
Xəzər dənizin Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki çimərliyinə gedənlər maneələrlə rastlaşıblar.
Bu barədə Redaktor.az-a oxucularımızdan biri məlumat verib.
Dənizin sahilindəki şəxsi mülklərin və obyektlərin hələ də sökülməməsi fonunda sahildə yenidən tikinti işlərinin aparılmasından şikayətlənən oxucumuzun bizə göndərdiyi görüntülərdə həqiqətən traktorla qazıntı işlərini aparılması aydın görünür.
Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Pirşağı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ilə əlaqə saxladıq. İcra nümayəndəsinin müavini Ruhin Orucov dedi ki, sahildə heç bir tikinti işləri aparılmır, əksinə tikilən hasarlar sökülür.
“O ərazidə heç bir hasarlanma işi görülmür. Sadəcə təhlükəsizlik baxımından maşınların sahildə hərəkət etməsinin qarşısını almaq iş aparılır”.
Onun sözlərinə görə, bu il Bakı Abadlıq Xidməti MMC tərəfindən sahibkarlara kompensasiya verilib və ərazidə gələn il çimərlik mövsümündə vətəndaşların ödənişsiz istifadəsi üçün bisetka və çətirlər quraşdırılır.
“Orada nə daş, nə usta, nə də sement var. Sadəcə olaraq 1 metr enində təkər basdırmaq üçün traktor yer qazır. Təkərləri də ona görə yerləşdiririk ki, istirahətə gələnlərin rahat hərəkəti üçün maşınlar ora girməsin. Ora çimərlikdir, orada heç bir hasarlanma işi aparılmır.
Cənab Prezidentin tapşırığı ilə Pirşağı qəsəbəsində, o cümlədən sahildə yerləşən Bakı kəndlərində abadlıq, təmir, bərpa, quruculuq işləri aparılır ki, bundan sonra vətəndaşlarımız çimərliklərdən rahatlıqla pulsuz istifadə etsinlər”,- deyə R.Orucov əlavə etdi.
Nərmin Vüqarqızı












