"Bir ara özlərini model adıyla təqdim edirdilər, indi "psixoloq" olublar" - Elçin Bayramlı

 17:17 12.09.2022     1296

“Psixologiya elmi tibbi sahədir, amma bu gün ortalıq minlərlə psixoloqla dolub. Təsəvvür edin ki, mən sosial şəbəkələrdə dost təkliflərinə baxıram, hər on nəfərdən 8-i psixoloqdur. Belə çıxır ki, onlar özlərini “baha satmaq” üçün psixoloq qılığından istifadə edirlər”.

Bu sözləri Redaktor.az-a açıqlamasında sosioloq-jurnalist Elçin Bayramlı “Mehnur” loqopedik və psixologiya mərkəzində azyaşlıların döyülməsini əks etdirən görüntülərin yayılmasından sonra ictimaiyyətdə psixoloqlarla bağlı gedən müzakirələrə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, psixoloq olmaq daha asan başa gəlir və xüsusi bir həkimlik təhsili lazım deyil.

“Ümumi internetdən əzbərlənmiş sözlər və sistemlərdir. Bunu belə edin, onu elə edin. Xalqın evini elə bu psixoloqlar yıxdı. Azərbaycan xalqını bugünkü vəziyyətə salan məhz psixoloqlardır. Yəni indiki uşaqların tərbiyəsinin, ailə institutumuzun dağılmasının səbəbkarı tək və yalnız psixoloqlardır. Bunlar gecə-gündüz dayanmadan həm uşaqlarla, həm də böyüklərlə təbliğat apardılar, Qərb dəyərlərini gətirib bizim ölkəyə sırıdılar. Bütün mənəvi dəyərlərimizi məhv elədilər. Guya yeni psixoloji metodlar müasirlik və sərbəstlikdən ibarətdir. Beləliklə ailə institutumuzu tam dağıtdılar. Azərbaycanda artıq ailədən söhbət belə gedə bilməz. Son illərdə 12 toya getmişəmsə, bunun 8-i dəqiq boşanıb. Bax, bizi belə bir faciəyə gətirib çıxartdılar”, - deyə sosioloq bildirdi.

Elçin Bayramlı onu da qeyd etdi ki, bu cür psixoloqlara nəinki uşaq tapşırmaq, yanlarına getmək belə düzgün deyil:

“Maraqlıdır ki, istisnasız olaraq bu psixoloqların hamısı gənc qızlardır. Yaşlı qadın psixoloqlar demək olar ki, yoxdur. Və yaxud da kişi psixoloq. Ortalıqda 99 faiz bunlardır. Yəni bir ara onlar özlərini model adıyla təqdim etdilər. Model sözü artıq bunun sinonimidir. İndi də psixoloq bu formadadır. Təbii ki, biz 100 faizin 100-dən də danışmırıq. İçində normal, ağıllı, əxlaqlı, təhsilli psixoloqlar var. Amma böyük əksəriyyəti belədir. Bunları cəmiyyət boykot etməlidir. Birincisi, bunlara bu imkanlar necə verilir? Hərə gedib yalançı təhsil müəssiəsindən serstfikat alır gəlir camaatın başında dələllik edir. Bu xalqın üzərində aparılmayan təcrübə qalmadı”.

Sosioloq həmçinin, kurikulum təhsil sistemindən də öz narazılığını bilidirdi:

“Bu gün təhsildə kurikulum deyilən murdar sistemi təbliğ edib təhsilimizi məhv etdilər. Yəni bu sistem deyir ki, uşaq özbaşınadır, kefi nə istəyir edə bilər. Müəllimin isə uşağa söz deyəcək bir ixtiyarı yoxdur. Uşaq tam azğınlıq, qudurğanlıq edə bilər. Bu müasir sistemlər bizim xalqın evini yıxdı. Artıq bu xalqdan söhbət gedə bilməz. Heç bir mənəvi dəyərimiz qalmadı. Biz görürük insanların psixologiyası necə dəyişib. Artıq bütün yaxşı şeylər pis sayılır, pis şeylər yaxşı. Hər şey tərsinə olub. Ona görə hamını belə psixoloqlardan uzaq durmağa çağırıram. Ümumiyyətlə, normal insan niyə psixoloqa gedməlidir. Psixoloq nədir ki?  İnsan psixiatra gedə bilər. Psixoloq nə işlə məşğuldur, mənə hələ də çatmır. Problem onlarda deyil, onlar pul qazanırlar. Əsas problem insanlardadır. Belələrinin yanına getməsinlər. 100 manat pul verib gedir psixoloqun yanına, o da ümumi sözlərdən danışıb pulu alır qoyur cibinə. Deməli günah bizdədir”.

Həmidə İbrahimova