Payızda yoluxma artacaq - Baş infeksionist

 15:29 13.09.2022     298

Ümumdünya Səhiyyə Təşkilatı payız aylarında yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında artım olacağını proqnozlaşdırır. İyundan etibarən ölkəmizdə yoluxma saylarında müəyyən artımlar var.

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

T.Eyvazov qeyd edib ki, yoluxma halları 500-700 səviyyəsində stabilləşib:

"Hətta son günlər infeksiyadan sağalanların sayı yeni yoluxanların sayını üstələyir. Əvvəlki dalğalarda da bunu müşahidə etmişik. Payız mövsümü yaxınlaşır və havalar soyuyur. Bu zaman təkcə COVID deyil bütün hava-damcı infeksiyalarına yoluxma faktlarında müəyyən artımlar, respirator alovlanmalar olur. Pandemiya təcrübəsinə baxsaq görərik ki, 2020-2021-ci illərdə də eyni halı yaşamışıq. Çünki həmin dövrdə infeksiyaların yayılması üçün əlverişli şərait yaranır. Havalar soyuq olduqda insanlar daha çox qapalı mühitlərdə toplanırlar, yaxın təmasların sayı artır, otaqların havalandırılması azalır".

"Digər tərəfdən isə vətəndaşlar infeksiyaya yoluxma hallarının az olduğu vaxtlarda arxayınlaşaraq fərdi qoruyucu vasitələrdən, maskadan istifadə etmirlər, qaydalara laqeyd yanaşırlar. Bir yandan da payız aylarında insan immunitetinin təbii olaraq zəifləməsi, ikinci tərəfdən isə vaxt keçdikcə istər vaksinasiya, istərsə də xəstəliyi keçirmə nəticəsində koronavirusa qarşı əldə olunmuş immunitetin zəifləməsi baş verir. Bütün bu faktorlar infeksiyanın ötürülməsini daha da asanlaşdırır. Bunu əyani olaraq gündəlik yoluxma hallarında görürük. Payızda yoluxma hallarının artacağı proqnozlaşdırılır. Ona görə də bu ərəfədə diqqətli olmalı və qabaqlayıcı tədbirləri görməliyik", - baş infeksionist deyib.