"Onkoloji xəstəliklərlə bağlı həyəcan təbili çalınmalıdır" - Deputatlardan hökumətə SOS siqnalı

“Azərbaycanda onkoloji xəstələrin sayı artıb və 60 minə yaxınlaşıb”.
Redaktor.az xəbər verir ki, bunu deputat Kəmaləddin Qafarov Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deyib.
Parlamentari bildirib ki, hazırda 1600 nəfərə qədər onkoloji xəstə stasionar şəraitdə müalicə alır və müraciət edənlərin də sayı çoxdur:
“Onkoloji xəstələrin müalicəsi üçün vəsaitin artırılmasına ehtiyac var. Bu xəstəlik ya icbari tibbi sığortaya daxil edilməlidir, ya da bunun üçün ayrıca böyük büdcə ayrılmalıdır. Bu problemlə bağlı seçicilər tərəfindən olan müraciətlərin sayında da artımlar var”.
Deputat İlham Məmmədov isə deyib ki, onkoloji xəstəliklərlə bağlı həyəcan təbili çalınmalıdır.
O bildirib ki, səhiyyə komitəsi olaraq, onkoloji xəstəliklərin müalicəsi üçün hökumətə müraciət edilməlidir.
“Onkoloji xəstələrin sayı artır. Biz hökumət qarşısında məsələ qaldırmalıyıq ki, büdcədən ayrılan vəsait artırılsın. Biz hökumətə SOS siqnalı veririk”, - deyə İlham Məmmədov əlavə edib.