"10 yaşına kimi uşaqlardan gediş haqqı alınmamalıdır" - Deputatdan TƏKLİF
Hazırda Bakıda dövlətə məxsus "BakuBus" marşrut avtobuslarında 5 yaşa qədər uşaqlar üçün gediş haqqı tələb olunmur. Bəzi özəl daşıyıcı şirkətlərdə isə bu hədd 6-7 yaş arasında dəyişir.
Özəl şirkətlərdə yaş həddi daha yüksək olduğu halda, nə üçün dövlət avtobuslarında bu daha aşağı həddə tətbiq edilir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa dedi ki, dövlət avtobuslarında da bu hədd yüksəldilməli, hətta 10 yaş olmalıdır.
“Dövlət avtobuslarında da yaş həddi yüksək olmalıdır. Uşaq gəlir əldə edə bilən bir subyekt deyil. Ona görə də uşaqlara bu güzəşt limiti qaldırılmalıdır. Hətta məktəblilər üçün də bu limit artırılmalıdır. Ən az 10 yaşına kimi uşaqlardan bu vəsait alınmamalıdır. Çünki onlar pul qazana bilmir, haradan qazanmalıdır ki? Eləcə də, 10 yaşdan yuxarı uşaqlar. Amma ən azından onlar təkbaşına gedib-gələ bilirlər. Qayda belədir ki, həmin uşaqlar oturacaqlarda yer tutmadıqları üçün azyaşlı hesab edilir”,- deyə deputat qeyd etdi.
Millət vəkili həmçinin bildirdi ki, təyyarələrdə də bu tətbiq edilməlidir:
“Prinsip odur ki, azyaşlı valideynin qucağında otura bilir, yer tutmur. Boş qalan yerdə isə bilet alan şəxs oturur. Yəni konkret yerə görə, oturacağın sayına görə Çünki qanunla ayaq üstündə durmaq qadağandır. Amma çox vaxt görürsən ki, valideyn əyləşib yanında da balaca uşağı oturdub. Bu da qanuna ziddir. Çünki uşağa biletsiz yer verilir ki, valideynin qucağında getsin, başqasının yerini tutmasın. Çünki uşaq pul qazanmır, gəlir əldə etmir. Ona görə də valideynlə getməlidir. Bu, metroda da belədir, avtobusda da. Sadəcə insanlara izah etmək lazımdır ki, bu uşaqlar üçün ayrıca yer nəzərdə tutulmur. Yer ancaq əlil və bilet alan sərnişinlər üçün nəzərdə tutulur. Bu məsələni həll etsək, ictimaiyyətdəki təzadlı hallar da ortadan qalxar”.
Nərmin VÜQARQIZI












