Sosial Xidmətlər Agentliyi şəhid statusu ilə bağlı qanunu niyə təhrif edir?

 15:12 30.09.2022     882

Xəbər verdiyimiz kimi, şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ona verilən 1 otaqlı mənzildən imtina edib. S.Əhmədov bu addımını ailəli olması səbəbindən həmin mənzilin onun üçün istifadəyə yararsız olması ilə əlaqaələndirib.

Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi Sənan Əhmədovun şəhid ailəsi statusu daşımaması barədə açıqlama paylaşıb.

Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov bu açıqlamanı “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanuna əsalanaraq paylaşdığını bildirib. 

“Qanunvericilikdə bu güzəştlərdən şəhidin:

- həyat yoldaşı;

- valideynləri;

- 18 yaşına çatanadək (əyani təhsil aldığı halda 23 yaşınadək) uşaqları;

- 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları;

- 18 yaşına çatanadək (əyani təhsil aldığı halda 23 yaşınadək) uşaq evlərində tərbiyə olunan qardaş və bacıları;

- qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələri istifadə edir.

Bu səbəbdən şəhidimizin qardaşı Sənanın 27 yaşı olduğundan sözügedən qanunveriliklə imtiyazlı kateqoriyadan olan şəxs hesab olunmur”, - deyə o, açıqlamasında qeyd edib.

Lakin araşdırmamızdan sonra məlum oldu ki, cəmiyyəti aldatmaq və öz əməllərinə qanuni don geyindirmək üçün Sosial Xidmətlər Agentliyinin mətbuat katibi cəmiyyətə təhrif olunmuş xəbər ötürüb. Əslində bu addımı atmaqla M.Həşimov qanunu saxtalaşdırıb.

Çünki qanunvericilikdə aşkar şəkildə bacı və qardaşlar üçün hər hansı bir yaş məhdudiyyəti yoxdur.

"Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1. maddəsinə görə, ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar və qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələri şəhid ailəsinin üzvləri hesab edilir.

Bundan başqa, sözügedən qanunun 4-cü maddəsində də qeyd olunub ki, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri birinci növbədə evlə təmin olunmalıdır.

Məsələ ilə bağlı Redaktor.az-a danışan hüquqşünas Əlövsət Allahverdiyev bildirdi ki, şəhidin övladları, həyat yoldaşı, bacı və qardaşları istənilən yaşda  şəhid ailəsi hesab edilir:

“ Əvvəla, bu adam 50 yaşına çatsa da, şəhid ailəsi və ya qardaşı hesab olunur. Bununla bağlı yaş məhdudiyyəti ola bilməz. İkincisi də, sözügedən qanunda yaş məsələsi ilə mən də rastlaşmamışam”. 

Hüquqşünas əlavə etdi ki, qanunvericilikdə yaşla bağlı məhdudiyyət yalnız şəhidin övladlarına şamil edilir:

“Qanunda belə bir bənd var ki, 18 yaşına çatanadək övladları şəhid ailəsi statusundadır. Əslində mən burda da məntiq görmürəm. Belə çıxır ki, övladı 18 yaşını tamam edəndən sonra şəhid ailəsi hesab edilmir?

Digər tərəfdən də, Müdafiə Nazirliyi də artıq rəsmi arayışla rəhmətlik Səbuhinin qardaşını şəhid ailəsi olaraq tanıdı. Ona görə də, qanundakı bu anlaşmazlıqlara ümid edirəm ki, yenidən baxılacaq”.

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən