"İntervalı azaltmaq lazımdır" - Nəqliyyat ekspertindən ÇAĞIRIŞ
Xəbər verdiyimiz kimi, bir müddət öncə 07:45 intervalı ilə hərəkət edən Sumqayıt-Xırdalan-Bakı qatarının ləğv edilməsi bu istiqamətdə sıxlığın artmasına səbəb olub. Bu gün isə yaranan sıxlıq və kondisonerlərin işləməməsi səbəbi ilə sərnişinlərdən birinin dili qatlanaraq halı pisləşib.
Mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, dəmir yol xəttində baş verən hadisə doğurdanda çox narahatlıq doğuran hadisə oldu.
“Çünki biz dəmir yol şəbəkəsinin inkişafından, insanların ictimai nəqliyyata marağının artırılması üçün müxtəlif addımlardan danışırıq. Və belə bir zamanda intervalın azaldılması və digər problemlərin ortaya çıxması bizi çox ciddi şəkildə narahat edir. Ümid edirik ki, adiyyatı qurumlar məsələyə daha geniş prizmadan yanaşacaqlar və bu məsələ tezliklə həllini tapacaq. Əgər zərurət varsa, intervalı nəinki artırmaq, azaltmaq lazımdır ki, qatarlar daha tez-tez xəttə çıxsın. Eyni zamanda vaqonların sayını artırmaq olar, yeni qatarların alınması üçün işlər görmək lazımdır. Yəni daha böyük işlər görmək zərurəti ortaya çıxdığı halda birdən-birə bunun əksinə addımların atılması düzgün deyil. Çünki bu cür addımlar atıldıqca gələcəkdə insanları yenə də biz başqa istiqamətə yönəldirik. İnsanlara deyirik ki, "Gəlin ictimai nəqliyyatdan istifadə edin, bu istiqamətdə ciddi işlər görülməlidir” və sair. Birdən-birə elə bir qayda tətbiq olunur ki, insanlar yenə də qayıdıb şəxsi avtomobilə üstünlük verirlər. Bu da təbii ki, yolverilməzdir, düzgün deyil”,-deyə ekspert vurğuladı.
Həmidə İbrahimova












