İctimai nəqliyyatda gediş haqqını niyə bank kartları ilə ödəyə bilmirik?

 10:31 14.10.2022     4403

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakıda daşıyıcı şirkətlər ölkə rəhbərliyinə yenidən kollektiv müraciət ünvanlayıblar. Müraciətdə bildirilib ki, kartla ödənişə keçidin başa çatdırılması, alternativ ödəniş üsullarının həyata keçirilməsi olduqca vacibdir.

Hazırda ictimai nəqliyyatda vahid kart sistemindən istifadə olunur. İnsanlar metrodan, avtobuslardan istifadə üçün sanki rüşvət verirmiş kimi əlavə 2 manat ödəyib kart alırlar.

Maraqlıdır, ictimai nəqliyyatda alternativ ödəmə üsulu tətbiq edilə bilərmi? Həqiqətən də, insanlar avtobus və metroda gediş haqqını öz pensiya, maaş, tələbə kartları ilə ödəyə bilərlərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlının fikrincə, maaş, pensiya, tələbə kartından ödəniş imkanları yaradılmalıdır.

“Bu üsul gələcəkdə tətbiq edilə bilər. Eyni zamanda tələbələr, təqaüdçülər üçün güzəştlər tətbiq olunmalıdır. Dövlət güzəştli kartları vətəndaşlara paylayıb, bunun qarşılığında daşıyıcı şirkətlərə pul ödəyər. Məsələn, qazilərin, şəhid ailələrinin ictimai nəqliyyatdan pulsuz istifadə etməsi üçün xüsusi kartlar verilməlidir. Bu kartların qarşılığı isə daşıyıcı şirkətlərə ödənilməlidir.

Bundan əlavə, kartların doldurulması üçün alternativ variantlar fikirləşmək lazımdır. Çox təəssüf ki, Bakı Nəqliyyat Agentliyi (BNA) “BakıKart” sistemi ilə bağlı ödəmə terminallarını yığışdırıb. Bu cür yanaşma düzgün deyil. Həmin cihazlara milyonlarla pul xərclənildi, sonra isə çıxarılıb atıldı ki, lazım deyil, gedin, “Milliön” vasitəsilə kartınıza pul ödəyin. Elədirsə, 10 ildən çoxdur, insanlar qaz, işıq pulunu “Milliön” vasitəsilə ödəyir, kartları da vaxtında bu sistemə yönləndirərdilər. Dəmir-dümürə milyonlarla vəsait xərclə nəyə lazımdı?”

Milli Məclisin deputatı Azər Badamov isə saytımıza açıqlamasında bildirdi ki, “BakıKart”dan imtina etmək yox, paralel olaraq digər ödəniş kartlardan da istifadə etmək mümkün ola bilər.

“Çünki, kimlərdə bank kartları yoxdursa, “BakıKart” vasitəsilə ödənişlərin edilməsinə imkanı olmalıdır.. Həm də  biz elektron hökumətin, informasiya texnologiyaların inkişaf etdiyi bir əsrdə yaşayırıq. Əhalinin əksər hissəsi əmək haqlarını, pensiyalarını və müavinətləri kart vasitəsilə alır. Hər bir bank kartını da ödəmə vasitəsi kimi istifadə etmək olar. 

Hesab edirəm ki, əgər ictimai nəqliyyatda belə proqram təminatı təşkil olunsa, insanların əllərində olan bank kartlarından ictimai nəqliyyatda ödəniş etmək üçün “BakıKart”a vəsaitlərin köçürülməsinə ehtiyac qalmaz. Bu, daşıyıcı şirkətlərin “BakıKart”a əlavə xidmət haqqının ödənişini azaldar, həm də insanlar üçün də rahatlıq yaradar”,- deputat dedi.

Təkliflərlə bağlı aidiyyəti qurumlara müraciət etdik. “Xaliq Faiqoğlu” şirkətinin mətbuat katibi Nizam Rzayev qeyd etdi ki, bu məsələ şirkətin səlahiyyəti çərçivəsində deyil:

“Müxtəlif təkliflər ola bilər. Bu barədə sərnişindaşımanı təşkil edən, tənzimləyən və nəzarət edən müvafiq dövlət qurumlarına müraciət edə bilərsiniz”.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bu məsələ ilə bağlı aparılan sınaqlar uğurla başa çatıb:

“Nəinki bank kartları ilə hətta QR kodlar, ağıllı, yəni smart sistemlər vasitəsilə ödənişlərin aparılması yönündə işlər davam etdirilir. Bu məsələ ilə bağlı araşdırma və ilk sınaq işləri aparılıb. Metronun bir neçə stansiyasında sınaqlardan olduqca uğurlu nəticə əldə edilib.

Hazırda texniki və dizayn istiqamətində işlər aparılır. Yaxın gələcəkdə bu ödəmə üsulunun tətbiqi mümkün olacaq”.  

Məsələ ilə bağlı açıqlama almaq üçün Bakı Nəqliyyat Agentliyinə müraciət etsək də, qurumun rəsmisi Mais Ağayev suallarımızı cavabsız qoydu.

Nərmin VÜQARQIZI