Bakıdakı tıxaclardan necə qurtulaq? - Deputatlardan maraqlı TƏKLİFLƏR

 17:01 13.10.2022     683

Bakı son vaxtlar indiyə qədər görülməyən tıxac xaosu ilə üz-üzədir. Hər gün tıxacda qalan insanlar işə, dərsə, mənzil başına gecikirlər.

Tıxacda həm zaman boşa gedir, həm də əsəblərimiz pozulur. İnsanlar daha çox aqressivləşirlər.

Problemlə bağlı bir çox fikirlər səsləndirilsə də, hələ də aidiyyəti qurumlar hərəkət keçmirlər. Bu səbəbdən problem gün keçdikcə daha da böyüyür.

Bəs, paytaxtda hökm sürən tıxac xaosunun qarşısını almaq üçün hansı tədbirlər planı işlənməlidir?

Redaktor.az məsələ ilə bağlı Milli Məclisin deputatlarının fikirlərini öyrənib.

Millət vəkili Aydın Mirzəzadə bildirdi ki, tıxacların azalması üçün bir neçə tədbir görmək olar.

“Birinci təklifim o olardı ki, idarələrdə işə başlama qrafiki müxtəlif olsun. Səhər saat 7-dən tutmuş 9-a qədər yarım saat fasilələrlə qruplara bölmək olar. Belə olanda şəhərə axın müəyyən qədər tənzimlənə biləcək.

İkinci təklif isə ondan ibarətdir ki, şəhərin mərkəzində hündür mərtəbəli binaların tikintisi dayandırılsın. Avropa ölkələrində şəhərlər, adətən bir neçə dairəyə bölünür. Mərkəzi hissədə binalar 6-7 mərtəbədən çox olmur. İkinci dairədə o binaların hündürlüyü 9-12, üçüncü də isə 12-16 və s. olur. Təəssüf edirəm ki, Bakıda bu prinsip hər yerdə gözlənilmir. Bu, insanların mərkəzdə daha çox toplanmasına gətirib çıxardır.

Üçüncü təklifim isə ondan ibarət olardı ki, ölkəmizə azmetrajlı avtomobillərin gətirilməsi təşviq edilsin. Kiçik həcmli maşınların alınmasına insanlarda maraq artırılsın. Onlar üçün gömrük vergisinin həcmi o qədər azaldılsın ki, insanlar böyük həcmli maşınlara yox, kiçik həcmli maşınların alınmasına maraq göstərsinlər.

Dördüncüsü isə mən mətbuatdan oxuduğuma görə bu proses gedir. Bakıda bir neçə mərkəzlər yaradılmalıdır. İnsanların istirahət üçün, iş üçün, təhsil üçün ancaq bir əraziyə gəlməsi yavaş yavaş aradan götürülməlidir. Mərkəzi idarələr, üniversitetlər son dövürlərdə hətta özəl şirkətlər belə demək olar paytaxta gedir. İnanıram ki, bu məsələlər həll ediləcək. Azərbaycan qarşısına qoyduğu məsələləri gec-tez həll edir”.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov isə dedi ki, bu barədə sualımızı cavablandıra bilməyəcək:

“Bilirsiniz ki, yol hərəkətinin təşkili xüsusi biliklər tələb edən sahədir. Bilik dairəm olmadığı üçün sualınıza cavab verə bilməyəcəm”.

Millət vəkili Azər Badamov isə bildirdi ki, tıxac probleminin həll olunması istiqamətində bir sıra tədbirlərin görülməsi olduqca vacibdir.

“Bunlardan birincisi odur ki, şəhərin mərkəzində hündür mərtəbəli binaların tikilməsi qəti şəkildə dayandırılmalıdır. Yəni şəhərin mərkəzindəki köhnə binaların sökülüb yerində yeni çoxmərtəbəli binaların ucaldılması şəhərin mərkəzində daha böyük sıxlıq yaradır və avtomobillərin hərəkətini çətinləşdirir.

Digər bir məsələ isə paytaxtın mərkəzində yerləşən universitetlərin şəhərdən kənara köçürülməsidir. Şəhərin kənarında boş ərazilər kifayət qədər çoxdur. Həmin ərazilərdə yeni kampuslar yaradılarsa sıxlıq azalar. Həmçinin Sumqayıt, Gəncə kimi böyük şəhərlərə universitetlərin köçürülməsi məsələsi gündəmə gəlməlidir”.

Deputat Müşfiq Məmmədli isə qeyd etdi ki, bu mövzuda açıqlama verə bilməyəcək:

“Bu işi mütəxəssislər daha yaxşı izah edər”.

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən