Azərbaycanda qızlar xoşbəxtdirmi?

 10:13 24.10.2022     713

Xoşbəxtliyi tanımaq və hiss etmək çox çətindir, buna görə də çoxları xoşbəxt olduğunun fərqində belə deyil. İnsan xoşbəxt ola bilər, xoşbəxt olmalıdır və xoşbəxt olmağı qarşısına məqsəd qoymalıdır. İnsan yaşlaşdıqca xoşbəxtliklə bağlı düşüncəsi dəyişir. İnsan nə vaxt özünü xoşbəxt hiss edir? Xoşbəxt olmaq üçün nələri etməmiz lazım olduğunu düşünməliyik. Cəmiyyət o zaman xoşbəxt olur ki, qadınlar özünü xoşbəxt, firavan hiss edir. 

21-ci əsr olmasına baxmayaraq hələ də bəzi bögələrdə, kəndlərdə qız övladlarının doğulmasına qarşıdılar. Ortaya isə belə bir sual çıxır həqiqətən ölkəmizdə qızlar xoşbəxtdirmi?

Mövzu ilə bağlı Redaktor.az-danışan psixoloq Nərgiz Süleymanlı xüsusilə övlad-valideyn münasibətləri barədə düşüncələrini bölüşdü:

“Azərbaycan reallığını götürsək, xoşbəxtlik anlıq bir duyğudur. Bu davamlı bir hiss deyil, qısa müddətlik bir şeydir. Xanımlarımızın xoşbəxtliyi üçün nələr edə bilərik mövzusunda danışsaq, məsələ bir övladın, bir qızın ailəsindən başlayır. Bu ailədə anadan, atadan daha sonra onun sosial çevrəsidir. Bizim, yəni psixoloqların atalara qarşı bir cümləsi var ki, qızlarınızı çox sevin. Bu qızlar gələcəkdə hər hansı bir kişi sevgisinə ac olaraq  daha çox səhvlər buraxan şəxsiyyətlər olmasın deyə, ən çox ünsiyyətdə olduğumuz, müaricət etdiyimiz şəxslər analar və atalar olur. Eyni zamanda onların baxış tərzləridir. Yəni bir ata və ananın övladına edə biləcəyi ən gözəl yaxşılıq təbii ki, ona təhsil verməkdir.

“Qızın ən gözəl cehizi diplomudur.” deyə bir söz var. Onlar övladlarını həm təhsilə yönəldən, həm də özünü müdafiə etməyi, qorumağı və insanlarla düzgün ünsiyyət qurmağı, düzgün seçim etməsinə təşviq edən valideynlərdir. Amma burda da təbii ki, problemlər çıxır. Belə düşünən valideynlər çox təəssüf ki, elə də çox deyil. Çox azdı da demiyək, çünki belə valideynlər var. Hansı ki, dünya görüşlüdür, uşaqlarına da o güvəni aşılayır, övladı ilə qurduğu ünsiyyətdə də bunu hiss etdirə bilir. Amma çox təəssüf ki, mənim təcrübəmə dayanaraq da biz elə də bunu çoxlu sayda görmürük. Buna görə işə başlayanda təbii ki, biz böyüklərdən başlamalıyıq, anadan və atadan.

Birbaşa bizim qəbulumuza gətirilən qızlar var hansı ki, özgüvəni aşağı dərəcədədir. Amma problem ailəyə dayanır. Çünki onun özgüvənini qıran ata, ana və birbaşa mənliyini aşağılayan davranışlar var.”

Psixoloq onu da qeyd etdi ki, sağlam ata və ana tərəfindən böyüdülən uşaqlar öz haqqını gözəl şəkildə müdafiə edir və hər şeydən əlavə öz duyğularını dərk edə bilirlər:

“Bəzi valideynlər övladına güvənir, onu normal bir şəxsiyyət kimi böyüdür, amma bu uşaq məktəbə gedir və müəllimindən başqa bir tərz münasibət görür. Bu da onun qürurunu sındırır. Amm belə bir ailədə inkişaf edən qız öz haqqını da gözəl şəkildə müdafiə edir və hər şeydən başqa duğularını da dərk edə bilir. Və o, gəlir öz duyğusunu evdə danışa bilir, gözəl bir şəkildə izahat verə bilər ki, “Bu müəllim mənə yaxşı hisslər vermir, mənim qürurumu sındırır.” Əgər bir qız bu cür şəxsiyyətin alçaldılması ilə üzləşirsə və gəlir bunu evdə danışmağa çəkinirsə, biz o qıza necə kömək edə bilərik? Onun danışacağı insanlar kimlər olacaq? Ya rəfiqəsi, ya da rəfiqəsinin başqa bir rəfiqəsi olacaq və mövzu burada da bağlanır. Nəticədə bu qızlar anasını, atasını ürəyinə yaxın bir insan kimi görə bilmir.”

Nərgiz Süleymanlı məktəblərdə baş verən bulinq hadisələrinə də toxundu:

“Öz şəxsiyyətinin qırılması ilə bağlı məsələlər həddindən artıq çoxdur. Elə bilirsiniz bütün məktəblərdə olan müəllimlər uşaqların öz güvənini qaldıran müəllimlərdir? Onlar sanki uşaqlar arasında rəqabət yaradırlar, amma düşünmürlər ki, onların hər biri eyni deyil. Onun seçdiyi bu metod hər uşağa eyni cür təsir etməyəcək. Birinin özünü yetərsiz, bacarıqsız hiss etməsinə səbəb olacaq, amma digəri başqa tipdə uşaqdır və deyəcək ki, “Yox mən daha da üstün olacam” Müəllimin bu metodu bir uşaqda işə yarayanda digərinin təhsillə bağlı nifrətini oyada bilir. Buna görə biz duyğularını ifadə etməyi bacaran bir fərdlər yetişdirməliyik. İstər qız, istərsə də oğlan olsun. Son günlər məktəblərdə uşaqlarla, xüsusilə oğlanlarla bağlı video yayıldı. Həmin o videodakı uşaq özünü müdafiə edə bilmirdi. Və başqalarının qarşısında boynunu əymişdi. Amma mən inanmıram ki, bu ilk hadisə idi və bu son da olmayacaq. Çünki bu işıqlandırılan misallardan biri idi. Yaxşıki, də işıqlandırılıb. Bu hadisələrin var olduğunu bilirdik, amma isbat edə bilmirik. Çünki bu məsələlərin arxasında heç kim dayanmır. Uşaqlar isə susurlar. O, bilir ki, danışsa, onun arxasında duran bir valideyni yoxdur. Valideyn gedib uşağın haqqın tələb etmir ki, “Ay müəllim siz niyə bu məsələlərdə uşaqlara maarifləndirici mövzular vermirsiz?”

Sonda psixoloq qeyd etdi ki, məsələ məktəb psixoloqlarına qədər gəlib çıxır:

“Məktəb psixoloqları öz işlərini görürmü? Bunu sorğulasaq, məsələ daha da genişlənir. Bu məsələ çox geniş şaxəlidir və valideyn travmalarına qədər gəlib çıxır. Bilirsiniz ki, övladlarını döyən, onlara acı çəkdirən və onların neqativindən həzz alan valideynlər var. Hansıki, o öz övladını aşağılayır və öz eqosunu orada tətmin edir. Onların özlərinin uşaqlıq travmaları çox ağırdır.  O ailəni sütun edən ana və atadır. Ata və ananın da şəxsi travmaları özünü göstərir. Elə valideynlər var ki, mən onları çox təqdir edirəm. Onlar öz travmasını dərk edir. Deyir ki, “Mən özüm atam tərəfindən bu şeyləri yaşamış bir insanam, amma görürəm ki, mən atama dönüşürəm.” Bu özündən asılı deyil və bunu yaşayıb. Empati hissi güclüdür. Amma həmin o ata obrazını öz övladına yeritdiyini görür və buna görə də artıq dəyişmək istəyir. Lakin bunu dərk etməyən nə qədər kəndlər, bölgələr var, bu insan heç qəbul etmir ki, onun etdiyi hərəkət doğru deyil. Biz adicə yol gedəndə, ətrafımızı müşahidə edəndə görürük ki, uşaq ağlıyır və valideyn onu sürüyə-sürüyə aparır, daha sonra yolda saxlayıb şapalaq vurur. Bizim həmin an edə biləcəyimiz heç nə yoxdur. Yaxınlaşıb bir-iki kəlmə söz deyə bilərik, o da deyəcək ki, “Sənə nə dəxli var? Bu mənim övladımdır.” Ona görə biz maarifləndirmə işini o qədər geniş aparmalıyıq ki, bu insan özü-özünü sorğulasın. Öz analığını, atalığını sorğulasın. Düşünsün ki, mən özüm özümün övladı olardımmı? Belə bir psixoloji sual var, hansıki biz bunu valideynlərə veririk. Sən özünün övladı olardınmı? Bu empati hissini gücləndirir. O, özünü qoyur uşağın yerinə ki, “Mən istəyərdim mənim kimi atam olsun və yaxud anam olsun?” və orada valideyn öz səhvlərini görəcək.”

Sosioloq Nail Niftəliyev isə bildirdi ki, Azərbaycanda xoşbəxt xanımlar, qızlar yetərincə var.  O, həmçinin Beynəlxalq qızlar gününün keçirilməsinə də münasibət bilirdi:

“Ümumiyyətlə, insanların fərd olaraq qadın kişi, qız və ya oğlan olmasından asılı olaraq hər bir fərdin ayrılıqda insan kimi xoşbəxt olmağına çalışmaq lazımdır. Əsas xoşbəxtlik insanın həyatda bu fərqləri nəzərə almadan xoşbəxt olmasıdır. Nəzərə alaq ki, biz qızları qız kimi, oğlanları oğlan kimi xoşbəxt görmək istəyiriksə, öncə onları insan kimi dəyərləndirməliyik. Düşünürəm ki, xoşbəxt xanımlar, qızlar yetərincə var.

Amma xoşbəxtliyini axıra qədər tapa bilməyənlər, xoşbəxtliyini axtaranlar da kifayət qədər çoxdur.”

Həmidə ibrahimova