"Azərsu" tullantı su xətlərindəki problemlərin həlli üçün işlərə başlayıb - VİDEO

 17:02 21.10.2022     145

"Azərsu" ASC payız-qış mövsümünə hazırlıqla bağlı işlər çərçivəsində tullantı su xətlərində yaranan problemlərin aradan qaldırılması üçün kompleks tədbirlərin icrasına başlayıb.

Redaktor.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, səhmdar cəmiyyətinin mütəxəssisləri tullantı su sistemlərinin istismar vəziyyətini öyrənir, kollektorlar və xətlərə toplanmış bərk tullantıların təmizlənməsi işlərini həyata keçirir.

Tədbirlər planına uyğun olaraq bu ilin avqust ayından başlayaraq Bakının əsas daşıyıcı kollektorları və xətlərinə, baxış quyuları və yağış barmaqlıqlarına baxış keçirilib. Bununla əlaqədar paytaxtın Səbail, Yasamal, Nəsimi, Nərimanov, Sabunçu və Binəqədi rayonlarında, Sumqayıt və Xırdalan şəhərlərində subasma riskləri olan nöqtələr müəyyən edilərək təmizləmə işlərinə başlanılıb. Ötən müddətdə Bakıda 180 km tullantı və yağış su xətlərində, 15 mindən çox baxış quyusunda və barmaqlığında təmizləmə işləri aparılıb.

"Payız mövsümündə yağıntılar zamanı xətlərə bərk tullantıların dolması şəbəkə və kollektorların istismarını çətinləşdirir və onların ötürmə qabiliyyətini xeyli azaldır. Bu baxımdan yağıntılardan sonra kanalizasiya kollektorları, xətləri və yağış barmaqlıqlarında toplanmış bərk tullantıların təmizlənməsi, onların yuyulması işləri həyata keçirilir.

Yığılmış bərk tullantıların çıxarılması xüsusi texnika vasitəsilə həyata keçirilir. Xüsusi texnikanın köməyi ilə kollektorlara yüksək təzyiqlə su vurularaq çöküntülər təmizlənir və lilsoran qurğu vasitəsilə çıxarılır. Kollektorların, xətlərin və yağış barmaqlıqlarının təmizlənməsi mövcud infrastrukturun tam gücü ilə işləməsinə imkan yaradır. Bununla da, xətlərdəki tutulmaların qarşısı alınır və yağıntılar zamanı yaranan suların normal axıdılması təmin olunur. Kollektorlarla yanaşı, kiçik diametrli daşıyıcı tullantı su xətləri və yağış barmaqlıqları da bərk məişət tullantılarından mütəmadi olaraq təmizlənir.

Eyni zamanda, kanalizasiya nasos stansiyalarının istismar vəziyyəti bir daha yoxlanılır, ehtiyac olan nasoslarda və digər hidrotexniki qurğularda sazlama işləri aparılır. Bu işlər Abşeron yarımadası ilə yanaşı, regionlarda da həyata keçirilir" - deyə məlumatda qeyd olunub.

2222