"Yeni paytaxt tikmək və ya onu başqa əraziyə köçürmək olar" - Vahid Əhmədov

 10:32 25.10.2022     1128

"Bu gün tıxacların əsas yaranma səbəbi avtomobilləşmənin olduqca sürətlənməsidir".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov Bakıda tıxac problemindən çıxış yolları barədə danışarkən bildirib.

“Vaxt var idi, Azərbaycanda cəmi 300 min maşın var idi, indi isə bu say 1,5 milyonu ötüb. Eyni zamanda, bir zamanlar işğalda olan ərazilərdə yaşayan əhali də Bakıda məskunlaşıb. Bütün bu səbəblərə görə, avtomobillərin sayı kifayət qədər çoxdur. İlham Əliyevin dövründə yolların kifayət qədər genişləndirilməsinə, əlavə yolların çəkilməsinə baxmayaraq, avtomobil və əhali sayı çox yüksək olduğuna görə sıxlıqlar yaranır” - deyən millət vəkili qeyd etdi ki, əlaqədar qurum və agentliklər bu problemin həlli üçün ciddi addımlar atmalıdır:

“Digər bir məsələ isə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi bir qədər elə işləməlidir ki, bu kimi problemlər yaranmasın. Belə baxırsan metroda, avtobusda sıxlıq, tıxac da bir tərəfdən. Bütün bunların tənzimləyən mexanizm olmalıdır. Bunun üzərində oturub fikirləşmək lazımdır ki, problemi necə həll etmək olar. Nəqliyyat Agentliyi bu barədə ciddi tədbirlər planı işləməlidir".

Vahid Əhmədov hesab edir ki, bu problemi həll etməyin digər ən yaxşı üsulu isə yeni paytaxt şəhərin salınmasıdır:

“Mən də tərəfdarıyam ki, paytaxt köçürülməsi olmasa da, bəzi nazirliklər, dövlət qurumları Bakıdan kənara köçürülsün. Bu problemi həll etmək üçün yeni paytaxt tikmək və ya onu başqa əraziyə köçürmək, yeni bir şəhərciyin salınması da ola bilər. Bu məsələlər həll olunmalıdır, yoxsa tıxac get-gedə daha da artır, insanlar işə gecikir, işlərini görə bilmirlər. Bu, böyük bir problemdir. Bu, bir tək avtomobillərdə olsa başqa məsələ, amma nəqliyyatın hər bir növündə tıxaclar mövcuddur”.

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən