"Pensiyalardakı artım 2022-ci ili də kompensasiya edəcək" - Deputat
2023-cü ildə müavinətlər və pensiyalar artırılacaq.
Bu barədə ötən gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edən maliyyə naziri Samir Şərifov çıxışı zamanı deyib.
Maraqlıdır, pensiya və müavinətlər nə qədər artırılmalıdır ki, insanlar, xüsusilə də, aztəminatlı ailələr hazırki bahalaşmadan daha az zərərlə çıxsın?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, deputat Məlahət İbrahimqızı bildirdi ki, maliyyə nazirinin açıqlamasından əvvəl komitəsdə belə bir qərar qəbul olunub.
“Bu, inflyasiyanı nəzərə alaraq bütün təqaüdçülərin vahid sistemə keçidi ilə bağlı qərar idi. Əmək pensiyaçılarının bir çoxu bir metodla identifikasiya olunurdu. Pensiyalarda artım ötən ilin inflyasiya nəzərə alınaraq artırılırdı. Artımda iki məsələ həmişə diqqətdə olur. Birincisi, ötən ilin inflyasiyası, digəri isə büdcədir. Büdcə nə qədər zəngin olarsa, dövlət başçımız da əhalinin sosial rifahı üçün təqaüdçülərə, əmək pensiyaçılarına, tələbələrə, xüsusi yardım alanlara, qazilərə, eləcə də maaşlara artımlar edir. Bu artımla bağlı qərar iəvvəlcə Milli Məclisin Əmək və sosial siyasət komitəsində qəbul olunub. Xüsusilə də, hərbi qulluqçulara diqqət ayrılıb, çünki identifikasiya onlara elə də təsir etmirdi. Dövlət siyasətində də öz əksini tapıb ki, hər ilin əvvəlində ötən ilin inflyasiyası nəzərə alınaraq pensiyalarda artım tətbiq olunsun”.
Sədr müavini qeyd etdi ki, artımların nə qədər olması barədə daha dəqiq məlumatı mütəxəssislər hesablayırlar:
“Tam olaraq rəqəm deyə bilmərəm, amma əminəm ki, bu artım 2022-ci ili də tam bir şəkildə kompensasiya edəcək və nəzərə çarpacaq dərəcədə artım olacaq. Dövlətin məqsədi də budur ki, vətəndaşların pensiyası, təqaüdü, aldığı vəsait dəyərini itirməsin”.
Nərmin VÜQARQIZI












