"Bu, şəhid ailələrinə dövlətin yüksək qayğısının təcəssümüdür" - Məlahət İbrahimqızı

 20:24 04.11.2022     371

Gələn il şəhid ailələri və şəhid valideynlərinin gəlirlərinin 800 manata qədər olan hissəsi vergilərdən azad olunacaq.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirdi ki, bu, şəhid ailələrinə dövlətin yüksək qayğı və diqqətinin təcəssümüdür.

“Eyni zamanda da onların rifahının yaxşılaşdırılması üçün nəzərdə tutulan qərardır. Şəhid ailələri gələcəkdə hər hansı bir fəaliyyətlə məşğul olsalar, onlar vergidən azad olunacaqlar. Bu da ailənin büdcəsinə, sosial rifahına çox böyük dəstək olacaq. Hər zaman bu ailələr diqqətdə saxlanılıb, qanunvericilikdə 20-dən çox maddə sırf onlara güzəştlə bağlıdır. Bu qərarın qəbul olunması da düşünürəm ki, dövlətimizin, möhtərəm prezidentimizin və vitse-prezidentimizin şəhid və qazi məsələlərinin bir nömrəli prioritet olduğunu ictimaiyyətə, cəmiyyətə mesajıdır”.

Nərmin VÜQARQIZI