Bakıda skuter zolaqları salınacaq?

 21:10 04.11.2022     1189

Ekoloji cəhətdən daha təmiz, həmçinin tixaclardan əziyyət meqapolislərdə daha sərfəli olduğu üçün skuterlər son zamanlar dünyanın inkişaf etmiş ölkələrində əsas nəqliyyat vasitəsinə çevrilib. Bir neçə müddətdir ki, Azərbaycanda da icarəsinə başlanan skuterlərdən istifadə xeyli artım müşahidə olunur. Bununla yanaşı skuterlə baş verən yol qəzalarının da sayı artıb. Maraqlıdır, paytaxtımızın tıxaclardan əziyyət çəkdiyi bir vaxtda skuterdən istifadə üçün yeni zolaqların salınması daha məqsədəuyğun deyilmi? Skuterdən istifadə etmək üçün zolaqlar niyə yoxdur? Skuterdən istifadə zamanı qəzaların olmaması üçün  hansı təhlükəsizlik qaydalarna riayət olunmalıdır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirdi ki, skuter istifadə edənlər üçün zolağın çəkilməsi yalnız qanunvericilikdə həllini tapdıqdan sonra ola bilər:

“Velosiped istifadə edənlər üçün zolaq çəkilir. Skuterdə isə məsələ təkcə infrastruktur məsələsi deyil. Bu məsələbir tərəfdən də qanunvericiliklə həllini tapmalıdır. Çünki bu gün bizdə yol hərəkəti haqqında qanunda skuterdən istifadə nəzərdə tutulmur. Skuter bu dəqiqə piyada hesab edilir. Velosipedlərdən istifadə edənlər üçün isə həm Bakının mərkəzində, həm də Bakı ətrafı ərazilərdə zolaqlar təşkil olunur.”

Məsələyə münasibət bildirən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəsi Araz Əsgərli isə bildirdi ki, skuterdən istifadə edənlər bir qayda olaraq qaydaları pozmamalı, yol hərəkəti iştirakçısı kimi yol hərəkətinin tam hüquqi üzvü olduqlarını birmənalı şəkildə bilməli və hərəkət qaydalarına ciddi şəkildə riayət etməlidirlər:

“Skuterdən son zamanlar istifadə edənlərin sayı çoxalıb. Ümumilikdə mobilliyi artıran nəqliyyat vasitələrininin çoxalmasına, inkişafına biz müsbət mənada yanaşırıq. Hesab edirik ki, nəqliyyatda sıxlıqların qarşısın alınması üçün velosipedlərdən, mopedlərdən, skuterlərdən istifadə edənlərin olması şəhər mühiti üçün başa düşüləndir. Lakin bundan istifadə edən şəxslər qaydaları pozmamalı, yol hərəkəti iştirakçısı kimi yol hərəkətinin tam hüquqi üzvü olduqlarını birmənalı şəkildə bilməli və hərəkət qaydalarına ciddi şəkildə riayət edib öz həyat və sağlamlıqlarını ətrafdakı insanların həyat və sağlamlılqarına qarşı münasibətdə diqqətli olmalıdırlar. Nəzərə almaq lazımdır ki, yol hərəkətinin digər iştirakçısı hesab olunan bu növ nəqliyyat vasitələrində yol hərəkəti qaydalarını pozduqda inzibati xətalar məcəlləsinin 338-ci maddəsinə uyğun olaraq hərəkətin digər iştirakçısı kimi 20 manatdan 100 manata qədər cərimə halları nəzərdə tutulub. Edilən qayda pozuntusuna uyğun olaraq 338-ci maddədə xeyli bəndlər var ki, hansı qayda pozulanda necə olur. Bu da hərəkətin digər iştirakçıları üçün nəzərdə tutulan hissədir.”

Araz Əsgərli onu da əlavə etdi ki, kim nədən istifadə edirsə, qanun çərçivəsində olmalıdır.  

“Yolun əks istiqamətində avtomobilin axınına sürməsinlər, işıqforun qırmızı işığından keçəndə, yol ayrıcını keçəndə təhlükəli vəziyyət yaratmasınlar və piyada səkilərinin üzərində vətəndaşların üzərinə sürətlə sürüb yoldakı piyadalara və özlərinə təhlükə yaratmasınlar. Gedib maneəyə çırpılmasınlar. Bir sözlə, təhlükəsizlik qaydalarına riayət etsinlər. Hər şeydən istifadə etmək olar. Qadağan deyil. Sadəcə olaraq, səliqəli şəkildə, qaydalar çərçivəsində təhlükəsizliyi nəzərə almaqla istifadə etmək lazımdır. Nə qədər yollar çəkilsə, velosiped, skuter, moped üçün əlavə yollar çəkilsə, biz onu beş əlli alqışlayarıq. Bizim də vətəndaşın da işini rahatlaşdırır. Nə qədər geniş infrastruktur imkanları olsa, biz həmin o imkanları ancaq alqışlayırıq və təqdir edirik. Təki olsun.”

Nəqliyyat eksperti Elməddin Muradlı isə bildirdi ki, skuterlərin fəaliyyətinə, hərəkətinə daha geniş imkan və şərait yaratmaq lazımdır:

“Düşünürəm ki, skuterlərin fəaliyyəti ilə bağlı hər hansı bir narahatlıq yoxdur. Birincisi, skuter əslində ekoloji təmiz bir nəqliyyat növüdür. Sıxlıq, tıxac olan şəhərlər, küçələr üçün çox əlverişlidir. Bu baxımdan onların fəaliyyətinə, hərəkətinə daha geniş imkan və şərait yaratmaq lazımdr. Sadəcə ümumiyyətlə, Azərbaycanda hər bir təzə texnologiya müəyyən problemlər yaradır. Bəlkə də dünyanın bir çox ölkələrində də belədir. Yeni texnologiya həmişə boşluq kimi ortaya çıxır və onunla necə bir mübarizə aparılmalı sualı açıq qalıb. Azərbaycanda da bax,  bu sual açıqdır. Skuterlərin hərəkəti hansı qanunla tənzimlənməlidir? Onlara qarşı hansı tədbirlər görülməlidir? O sürücülər, o skuterləri idarə edən insanlar hansı yolla, hansı zolaqla hərəkət etməlidir? Hərəkət trayektoriyası, hərəkət surəti tənzimlənməlidir. Bu məsələlər biraz boş qalıb. Amma yəni skuterləri qadağan etmək mümkün deyil. Bu lazımsız bir hərəkətdir. Son vaxtlar baxıram, görürəm ki,kostyumlu, qalstuklu işgüzar insanlar skuterdən istifadə edir. Çünki tıxaca düşməmək, işə, evə vaxtında çatmaq üçün buna keçid ediblər. Düzdür, indi yağışlı, qarlı havalarda bu mümkün deyil. Hava soyuq olanda çətin olacaq idarə etmək. Amma hər bir halda insanlarımızın buna marağı varsa, alqışlamaq lazımdır.”

Nəqliyyat eksperti  onu da vurğuladı ki, skuterlərdə istifadə də əsas problem bəzi insanların ondan düzgün istifadə etməməsidir:

“Baxırsız yolun hərəkət hissəsində hər oyundan çıxır. Az qalır maşınların altına girsin. Əks istiqamətə çıxır. Surətli yollarda hərəkət istiqamətini düzgün seçmir. Zolaqlar üzrə düzgün hərəkət etmir. Bir də baxırsan ki,  dörd-beş cavan uşaq yolun ortasında skuterlə yarış keçirirlər. Bax bunların qarşısı alınmalıdır. Bu da düşünürəm ki, bütün sahələrdə var. Necə ki, avtomobillə hoqqa çıxaran, avtoxuliqanlıq edən, velosipedlə yollarda şou göstərənlər var, skuterdə də olacaq. Yəni hər bir halda nəzarət mexanizmi olsa yaxşı olar. Amma bunun qanunvericilik tərəfdən yanaşması da dəyişilməlidir, yenilənməlidir. Müasir tələblər ortaya çıxdıqca, müasir yanaşmalar da onunla paralel inkişaf etməlidir.”

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən