Qənirə Paşayeva bu şəxslərə güzəştli ipoteka krediti verilməsini TƏKLİF ETDİ

 12:31 10.11.2022     329

"Mədəniyyət sahəsində fəaliyyət göstərən müəyyən kateqoriyaya aid gənclər güzəştli ipoteka krediti şərtlərindən yararlanan şəxslərin siyahısına daxil edilməlidir".

Redaktor.az xəbər verir ki, bu təkliflə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva çıxış edib.

Onun sözlərinə görə, bəzən mədəniyyət sahəsi ilə bağlı həyata keçirilən proqramlarda nəzərdə tutulan bir sıra məsələlər öz həllini tapmır: "Ona görə də bu kimi məsələlərə xüsusi diqqət yetirmək lazımdır. Bir çoxları mədəniyyət deyəndə müğənni və ya şou-biznes sahəsi başa düşür. Amma mədəniyyət təkcə bunlardan ibarət deyil".

Deputat bildirib ki, digər narahatlıq doğuran məsələlərdən biri də mədəniyyət sahəsində çalışanların maaşlarının yüksək olmamasıdır: "Ona görə də bu sahədə fəaliyyət göstərən şəxslərin maaşlarının artırılmasını, yaxud da hansısa stimullaşdırıcı tədbirlər görülməsini təklif edirəm. Bununla da mədəniyyət sahəsinə marağı olan kadrları işə cəlb edə bilərik".

Q.Paşayeva bir çox bölgələrdəki tarixi-mədəniyyət abidələrinin restavrasiya edilməsinin yubandığını da söyləyib: "Əgər həmin abidələr vaxtında restavrasiya edilməsə, gələcəkdə onların mövcudluğu sual altında qalacaq. Bu sahəyə pul ayırmaq çətinlik yaradırsa, o zaman sahibkarların dövlət qurumları ilə əməkdaşlığa cəlb edilməsi mexanizmlərinin yaradılmasına ehtiyac var”.