Bakını içməli su ilə təmin edən ehtiyatlar tükənə bilərmi?

 16:47 10.11.2022     180

“Qarşıdakı bir neçə onillikdə Bakını içməli su ilə təmin edən mənbələrlə bağlı hər hansı problem gözlənilmir”.

Redaktor.az xəbər verir ki, bunu “Azərsu” ASC-nin sözçüsü Anar Cəbrayıllı bildirib.

Onun sözlərinə görə, Taxtakörpü su anbarının yaradılması və Taxtakörpü-Ceyranbatandan su xəttinin çəkilməsi ilə artıq Bakı şəhərinin dayanıqlı su təchizatı təmin edilir.

“Ceyranbatan su xəttinin çəkilməsi ilə artıq paytaxtın dayanıqlı su təchizatı təmin edilir. Həmin kəmərin hələ qarşıdakı bir neçə onillikdə Bakının içməli suya artan tələbatını ödəmək imkanları var. Digər içməli su mənbələrimiz Oğuz-Qəbələ su kəməri, Bakı-Şollar su kəməri və Kür çayıdır. Fors-major hallar olmazsa, gələcəkdə bu mənbələrlə bağlı hər hansı problem olmaz”, - deyə o qeyd edib.

“Bakının içməli su ilə təmin edilməsində əsas pay Ceyranbatan su anbarınındır. Yayda Bakıya verilən suyun təxminən yarısı Ceyranbatandan gəlir. Digər sıralarda isə ardıcıl olaraq Oğuz-Qəbələdir-Bakı su kəməri və Xaçmazın yeraltı suları gəlir. Bakının içməli su ilə təmin edilməsində ən az pay Kür çayına məxsusdur. Yay aylarında Bakıya Kürdən 1 kubmetrdən bir az artıq su gəlir”, - deyə “Azərsu” rəsmisi əlavə edib.

Onun sözlərinə görə, Kür çayı əsasən Qaradağ rayonunun böyük bir hissəsini, Səbail və Binəqədi rayonlarının isə bir hissəsini su ilə qidalandırır:

“Yəni Kür çayından Ələt, Səngəçal, Buta, Korgöz, Şanqar, Lökbatan, Xocəsən qəsəbələri, 20-ci sahə və Binəqədinin bir hissəsinə su verilir. Ceyranbatan xətti əsasən şəhərin şərq hissəsini, yəni Sabunçu, Suraxanı, Xəzər, Pirallahı qəsəbələrini, Abşeronun bağ massivlərini, Xırdalan şəhərini, Nizami, Nərimanov və Xətai rayonlarının bir hissəsini su ilə təmin edir. Oğuz-Qəbələ-Bakı su kəmərindən Ceyranbatan su anbarından gələn su ilə birlikdə Yasamal, Nəsimi, Nərimanov istiqamətlərində su verilir. Bu ərazilərə su qarışıq gəlir. Şollar-Bakı kəməri vasitəsilə su Sulutəpə anbarına qədər gəlir, oradan isə həmin suyun kiçik bir qismi Oğuz-Qəbələ kəməri və Kür çayının suyu ilə qarışaraq şəhərə verilir”.

“Azərbaycanın şirin su ehtiyatlarının cəmi 2%-i içməli su tələbatının ödənilməsinə yönəldilib”, - deyə qurumun sözçüsü əlavə edib (report).