Əmək müqavilələrinin elektron imzalanması məcburi OLACAQ

 14:57 11.11.2022     328

“Azərbaycanda tam elektron əmək müqaviləsinə keçidlə bağlı qanunvericilik paketi hazırlanıb və yaxın zamanda Milli Məclisə təqdim olunacaq. Hesab edirik ki, növbəti ildə ölkədə bütün əmək müqavilələrinin elektron imzalanması məcburi təmin ediləcək”.

Redaktor.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı keçirdikləri birgə iclasda deyib.

Onun sözlərinə görə, bununla da artıq əmək kitabçalarına, kağız üzərində əmrləşməyə və digər hallara ehtiyac qalmayacaq: “Ölkə üzrə kadr kargüzarlığı və inzibatçılığı, eləcə də paralel olaraq digər parametrlərin hamısı elektron sistem üzrərindən idarə olunacaq. Hətta işəgötürənlər üçün rahatlığın təmin edilməsi hər hansı səhvlərə, inzibati xətalara yol verilməməsi üçün Əmək Məcəlləsinin əksər şərtləri də orada elektronlaşdırılır”.