ƏƏSMN-də Türkiyənin bir qrup hərbi yönümlü QHT nümayəndəsi ilə görüş olub - FOTO

 14:25 13.11.2022     267

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Türkiyənin hərbi yönümlü QHT rəhbərləri - Türkiyə Ehtiyatda olan Zabitlər Birliyinin sədri, ehtiyatda olan general-polkovnik Erdoğan Karakuş, Türkiyə Ehtiyatda olan Gizirlər Birliyinin sədri Hamza Dürgen, Türkiyə Müharibə Veteranları Birliyinin sədri Beyazıt Yumuk, Türkiyə Müharibə Əlilləri, Şəhid, Dul və Yetimləri Birliyi sədri Mustafa Işık və müharibə veteranları ilə görüş olub.

Nazirlikdən Redaktor.az-a verilən məlumata görə, nazir Sahil Babayev Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin iki qardaş ölkənin dövlət başçılarının birgə səyləri nəticəsində bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.

Nazir Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən bəhs edib. S.Babayev müharibə zamanı qardaş Türkiyənin Azərbaycana siyasi və mənəvi dəstək verməsinin ölkəmizdə yüksək qiymətləndirildiyini bildirib. 15 iyun 2021-ci il tarixində imzalanan Şuşa Bəyannaməsi ilə Azərbaycan və Türkiyə arasında əlaqələrin müttəfiqlik səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb.

Türkiyə ilə əmək, məşğulluq və sosial müdafiə sahəsində də əlaqələrin, bu sahədə qardaş ölkənin müvafiq qurumları ilə əməkdaşlıq gündəliyinin daim genişlənməkdə olduğu qeyd edilib.

Qonaqlara işğaldan azad olunmuş bölgələrimizdə aparılan quruculuq işləri, postmüharibə dövründə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən sosial dəstək tədbirləri barədə məlumat verilib. Bu tədbirlər çərçivəsində şəhid ailələri və müharibə iştirakçılarından ibarət 119 min şəxsə sosial dəstək yönümlü 249 min xidmət göstərildiyi bildirilib.

Nazirliyin vətəndaş cəmiyyəti institutları, hərbi yönümlü QHT-lərlə əməkdaşlıq təcrübəsindən də bəhs olunub.

E.Karakuş, H.Dürgen və digərləri çıxış edərək Azərbaycanın iki il əvvəl Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfərdən qürur duyduqlarını vurğulayıblar. Qonaqlar iki qardaş ölkənin daim bir-birinin yanında olmasının, Şuşa Bəyannaməsi ilə ölkələrimiz arasında əlaqələrin müttəfiqlik səviyyəsinə yüksəlməsinin iftixar doğurduğunu ifadə ediblər.

Görüşdə şəhid ailələri və müharibə iştirakçılarının sosial müdafiəsi, iki ölkənin veteran təşkilatları arasında da əməkdaşlığın inkişafı, veteran təşkilatlarının gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində gördüyü işlərə dair fikir mübadiləsi aparılıb.

ƏƏSMN-də Türkiyənin bir qrup hərbi yönümlü QHT nümayəndəsi ilə görüş olub

ƏƏSMN-də Türkiyənin bir qrup hərbi yönümlü QHT nümayəndəsi ilə görüş olub