Evlərdəki səssiz ölüm: Dəm qazı

Havaların soyuması təbii qazdan istifadəni artırır. Bu da öz növbəsində dəm qazından boğulmaların sayının artmasında özünü biruzə verir. Ən çox evlərin hamam otaqlarında baş verən boğulmalar qapılarda dəliklərin açılmaması, nəfəsliyin olmaması ilə bağlıdır. Bəs belə halların baş verməməsinə necə nail olaq? Bu kimi hadisələrdə ilkin tibbi yardım kimi nə etməliyik?
Mövzu ilə bağlı Redaktor.az-a danışan kommunal xidmətlər üzrə ekspert Nüsrət Qasımovun sözlərinə görə,dəm qazından zəhərlənmənin artmasına səbəb son zamanlar maarifləndirmə işlərinə laqeyd yanaşmadır.
“Dəm qazı çox möhkəm zəhərlənmə verir. Və qaz yanacağı da yüksək təhlükə mənbəyidir. Respublikamızın elə rayonları var ki, hələ onlar təzə qazlaşdırılır. Ucqar rayonlarda qazla tanışlıqları olmayanların arasından şəhərə yaşamağa gələnlər də var. Qanunvericilikdə də metan qazından istifadənin qaydaları yazılıb. O qaydalar barədə insanlar mütəmadi olaraq maarifləndirilməlidir. Qanunvericilikdə nəzərdə tutulub ki, qazdan istifadəyə görə təchizatçı və istehlakçı eyni qaydada məsuliyyət daşıyır. Çünki istehlakçının istədiyi kimi qazdan istifadə etməyə səlahiyyəti yoxdur. Əgər onun evinə qaz gəlib çıxırsa, bu o demək deyil ki, şəxsi mülkiyyətidir və istədiyi kimi istifadə edə bilər. Yeni qoşulan qaz xətlərinin, cihazların quraşdırılması yüksək ixtisaslı, sertfikatlı, lisenziyalı mütəxəssislər tərəfindən həyata keçirilməlidir. Onu da "Azəriqaz" İstehsalat Birliyinin icazəsi olmadan qoşa bilməzlər. Onlar işi görüb qurtarandan sonra o qaz xəttlərinin yüksək təzyiqlə möhkəmliyini yoxlayıb istismara təhvil verirlər. Ondan sonra qazın köhnə xəttlərə qoşulmasını "Azəriqaz" həyata keçirir",- N.Qasımov bildirdi.
Ekspert onu da vurğuladı ki, abonentlərin özbaşına qaz xətlərini konstruksiya etməyə, yerlərini dəyişdirməyə icazəsi yoxdur.
“Ona görə həmin abonentlər məsuliyyət daşıyırlar. İnsanlar çörək pulu qazanmaq üçün iş yeri axtarır. Ona görə də, hər yerindən duran deyir “Mən bacarıram”. Belə olmaz. Onu ancaq "Azəriqaz" yerinə yetirməlidir. Sonra dövlət Qaz Nəzarəti İdarəsi və Fövqəladə Hallar Hazirliyi mütəmadi olaraq tüstü bacalarına, qaz xəttlərini düzgün istifadə olunmasına nəzarət etməlidir. Dünən eşitdim ki, Yasamal rayonunda kafedə balon qazından sızma olub və partlayıb. Mən dəfələrlə öz çıxışlarımda demişəm ki, 2-3 mərtəbəli yaşayış binalarının altındakı məişət obyektlərində qaz balonlarından istifadə qəti qadağandır. Bəs buna niyə Dövlət Yanğından Mühafizə İdarəsi nəzarət etməyib ki, güclü partlayış olub? İndi yaxşı ki, balonlar partlamayıb. Balonlar partlasa idi, üç mərtəbəli evlərin uçmağı labüd idi. Çünki o balonların otuz il istismar müddəti var. Hər beş ildən bir balonların möhkəmliyi, kipliyi yoxlanılmalı və üstündə qeydiyyat aparılmalıdır. Onun daşınması, istismarı ilə kimsə məşğul olmalıdır. Yanacaq doldurma məntəqələrinin o köhnə, istismardan çıxmış yararsız balonlara qaz doldurmağa ixtiyarları yoxdur. Sovet dövründən qalma balonlardır. Bizdə balon nə istismar olunmalıdır, nə də ona qaz doldurulmalıdır. Bu cür qanunsuzluq olarmı? Nə baş verirsə, hamısı insanların etinasızlığından, öz səlahiyyətlərini aşmalarından olur. Təbii fəlakətlərdən başqa, nə olursa günahkarı insanlar özləridir”.
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov isə mövzu ilə bağlı danışarkən bildirdi ki, dəm qazından zəhərlənmə zamanı ilk tibbi yardım zamanı xəstənin huşu üstündədirsə, mütləq onu həmin mühitdən təmiz havaya çıxarmaq lazımdır:
“Ondan sonra üst-başını örtmək lazımdır, ona görə ki, bədən hərarəti düşür. Bir də təbii ki, spirtsiz, alkoqolsuz isti içki vermək lazımdır. Ondan sonra da məsləhət kimi, təcili tibbi yardımı da çağırmaq olar. Amma huşu olmasa, nəfəs yollarını bərpa etmək üçün onu dərhal o mühitdən çıxarmaq, ağız boşluğunu selikdən təmizləmək lazımdır. Və təcili yardım onu mütləq toksikoloji mərkəzə gətirməlidir ki, həkim peşəkarlar həm vaxt itirmədən müayinə keçirsin, həm də tədbirlər görsün. Ona görə ki, sonra dəm qazının fəsadlaşmış dövrü başlayır.”
Həmidə İbrahimova