"Kasıb sosial yardım ala bilmir, az-çox imkanı olanlar isə alır" - Razi Nurullayev
Deputat Razı Nurullayev Milli Məclisdə büdcə müzakirələri zamanı ünvanlı sosial yardımla bağlı məsələ qaldırıb.
Redaktor.az xəbər verir ki, o, ünvanlı sosial yardımın düzgün verilməməsindən narazılığını bildirib.
“Ünvanlı dövlət sosial yardımı üçün əməkhaqqı barədə arayış tələb edilir. Elə ailə var ki, kömək edən olmasa, acından ölər. O necə və hansı yolla arayış gətirsin? Büdcədə bu məqsəd üçün nəzərdə tutulan vəsaitlərin bu insanlara çatacağı ciddi şübhə altındadır. Kritik kasıblıq həddində olan ailə yardım ala bilmir, az-çox imkanı olanlar isə alır. Səbəb ehtiyacı olanın yalançı arayış almaq imkanının olmaması, o birilərinin isə dost-tanışdan arayış ala bilməsidir. Kasıbın ətrafı və dost-tanışı da olmur axı, cənab hökumət nümayəndələri. Ona görə də vətəndaşlar deyəndə ki, ünvanlı sosial yardımı da az-çox imkanlılar alır, düz deyir. Çıxış yolu, müraciət edən ailə haqqında müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışdır. Daha "adına torpaq var, keçən əsrin 70-ci illərindən qalma avtomobil var" kimi məsələlər gündəmdən gərək çıxsın. İcra hakimiyyəti orqanının yerlərdəki nümayəndələri hər bir kəsi fərdi olaraq tanıyır və hər biri canlı arxivdir”, - deyə R.Nurullayev qeyd edib.
Həmidə İbrahimova












