İmkanlı şəxslər sosial yardım alır? - Nazirlikdən deputata CAVAB
“Ünvanlı dövlət sosial yardımı üçün əməkhaqqı barədə arayış tələb edilir. Elə ailə var ki, kömək edən olmasa, acından ölər. O necə və hansı yolla arayış gətirsin? Büdcədə bu məqsəd üçün nəzərdə tutulan vəsaitlərin bu insanlara çatacağı ciddi şübhə altındadır. Kritik kasıblıq həddində olan ailə yardım ala bilmir, az-çox imkanı olanlar isə alır”.
Bu barədə deputat Razı Nurullayev Milli Məclisdə büdcə müzakirələri zamanı çıxış edərkən bildirib.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Fondunun mətbuat katibi Fazil Talıbov Redaktor.az-a bildirdi ki, ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı müvafiq qanunvericilik var.
“Qanunvericiliyə uyğun olaraq aztəminatlı şəxslər, gəlirləri ehtiyac meyarından aşağı olan şəxslər bu hüquqdan istifadə edib ünvanlı yardım ala bilər. Ünvanlı yardım təyin edilərkən gəlirlərin və xərclərin hesablanması da məhz qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
Hörmətli millət vəkilimizin dediyi fikrə gəldikdə isə bizdə belə bir fakt yoxdur ki, hansısa bir imkanlı şəxs ünvanlı yardım alır. Əgər belə konkret bir fakt, elə şəxs varsa, xahiş edirəm, bizə bildirilsin, bunu araşdıraq və konkret bu barədə konkret məlumat verək. Çünki bu daha çox ümumi deyilən fikirdir. İndiyədək bununla bağlı heç bir fakt əldə etməmişik”, - deyə nazirlik rəsmisi qeyd etdi.
Nərmin VÜQARQIZI












