"Marketlər və restoranlar üçün qaydalar hazırlanmalıdır" - Ekspertdən nazirliyə ETİRAZ
Böyük marketlərdə satışı həyata keçirən kassalar fəaliyyət göstərsə də, amma bəzən müştərilər kassaların yaxşı fəaliyyət göstərməməsindən narazılıq edirlər. Bəzən marketdə üç-dörd kassa olsa da, onlardan yalnız biri fəaliyyət göstərir. Bəs bu halda müştəri nə etməli və kimə müraciət etməlidir?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, bu məsələlər qanunvericilikdən kənarda qalmış məsələlərdir.
“Qanunvericilikdə bu hallar üçün heç nə nəzərdə tutulmayıb. O, biznes qurumdur. Özü necə istəyir işini elə qurar. Çox təəssüf ki, vəziyyət belədir. Azad İstehlakçılar Birliyinə təkcə kassa məsələsi yox, ümumiyyətlə biznes qurumlarının istehlakçılarla korrekt davranmaması, o cümlədən onların çantasının yoxlanılması, çantasının saxlanılması, itəndə ona heç bir cavabdehlik etməməsi kimi problemlərlə müraciət olunur. Dünən şikayət gəlib, məsələn yazıb ki, video çəkmək olmaz, şəkil çəkmək olmaz, istehlakçı təhlükəli bir mal görsə, onun şəklini çəkməsin və sairə. Bu kimi məsələlər qanunvericilikdən kənarda qalmış məsələlərdir. Dəfələrə bu kimi məsələlər barədə İqtsadiyyat Nazirliyinə müraciət etmişik. Qeyd edirlər ki, onların öz ərazisidir. Ona görə təklif edirik ki, Nazirlər Kabineti marketlər, restoranlar üçün qaydalar hazırlamalıdır. Bütün bu işlər orada öz əksini tapmalıdır. Çox təəssüf ki, hökümət bu məsələlərdə fəal bir iş aparmır" - deyə ekspert vurğuladı.
E.Hüseynov əlavə etdi ki, bütün hallarda istehlakçı bazara nəzarət edən dövlət orqanına - İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə (195-1 və yaxud 599 76 00) zəng edib şikayət edə bilər.
Həmidə İbrahimova












