“Hamı öz xərcini ödəmək üçün satdığı məhsulun qiymətini artırır” – Ekspert
“Hər bir ərzaq məhsulunun qiyməti artırsa, təkcə yumurtanın qiymətinin sabit qalması qəribə olardı. Əgər böyük quşçuluq fermalarının qiymətləri artırmağından söhbət gedirsə, onların da yem komponentləri və yaxud da dərman preparatları, vaksinləri hamısı xaricdən gəlir. Hətta damazlıq yumurtalar belə xaricdən gətirilir. Ona görə də, əgər qiymət artımı varsa, bu da yumurtanın maya yüksəlməsinə səbəb olur.”
Redaktor.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Natiq Cəfərli son günlər kənd yumurtasının 40 qəpiyədək bahalaşmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, kənd əhalisinin satışa çıxardığı yumurtaların qiymətinin artmasına səbəb də, həmin insanların özlərinin xərclərinin artmasıdır:
“Əgər rəsmi rəqəmlərə söykənib digər ərzaqların 22 faiz bahalaşdığını nəzərə alsaq, onlar da öz iməhsulunun qiymətini qaldırır ki, xərclərini ödəyə bilsinlər. Burada əsas ümumi infilyasiya proseslərinin də bu məsələyə təsirindən söhbət gedir. Yəni hər şeyin qiyməti qalxanda təbii ki, istehsalçılar da öz məhsulunu bahalaşdıracaq. Mən şəxsən onlarda günah da görmürəm. Ölkədə infilyasiya o qədər surətlə gedir ki, hamı öz xərcini ödəmək üçün satdığı məhsulun qiymətini artırır. Bu, ümumi qlobal problemdir və həlli də qlobal olmalıdır. Yəni məhsul bolluğunun yaradılması, istehsal sahələrinin yaradılması, vergi-gömrük güzəştləri tətbiq edillməlidir. Bütün bunlar kompleks şəkildə olmalıdır ki, hər sahədə qiymətlər aşağı düşsün.”
Həmidə İbrahimova












