"Hər kəs problemin ciddiliyini anlayır, amma həllini tapmır" - Deputatdan dərman qıtlığına REAKSİYA

 11:15 06.12.2022     577

“Son zamanlarda ölkəmizdə bəzi dərman vasitələrinin tapılmaması halları artıb”.

Redaktor.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Rəşad Mahmudov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu, həm pasiyentlər, həm də həkimlər üçün çətinliklər yaradır.

“Problemin həlli üçün əvvalcə səbəbləri dəqiqləşdirmək lazımdır. Görünən 3 səbəb var. Bunalrdan 2-si beynəlxalq, 1-i isə ölkədaxili səbəbdir. Hər kəs problemin ciddiliyini anlayır, amma həllini tapmır. Pandemiyanın dünya iqtisadiyyatı üçün yaratmış olduğu sıxıntılar bu gün də hiss olunur. Dünya iqtisadiyyatında istehsal azalıb, logistika xərcləri çox artıb. Beləliklə, dünyada qiymət artımı və əlçatanlıq çətinləşib. Digər səbəb isə Ukrayna-Rusiya müharibəsidir, bu, həmin ölkələrdən dərman idxalına mane olur. Bu gün dərman qiymətləri gün keçdikcə yüksəlməkdədir. Ölkəmizdə dərmanların keyfiyyətini və kəmiyyətini tənzimləyəcək qurumlar Tarif Şurası və Səhiyyə Nazirliyidir. Bu gün dünyada gedən reallığa cavab verən mexanizm ölkəmizdə yoxdur. Ölkədə həyata keçirilən səhiyyə islahatları dərmanlarla bağlı yeni mexanizm yaradılmasını zəruri edir", - deyə R.Mahmudov bildirib.