"Ailədə bir-birinə dözə-dözə yaşamaq əzabdır" - Əhməd Qəşəmoğlu

 17:56 23.12.2022     523

Həmişə eşitdiyimiz bir cümlə var: “Ailə kiçik bir dövlətdir”. Sağlam bir ailə üçün isə sevgi, güvən, hörmət, fədakarlıq ən başlarda gəlir. Hər bir ailə cəmiyyət üçün bir fərd, vətəndaş yetişdirir. Ailənin bünövrəsi sağlam olmayanda isə, bir müddət sonra böyük problemlər meydana çıxır. Bununla da boşanmaların sayı artır.

Bəs, ideal ailə necə olmalıdır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, ailənin əbədi-əzəli funksiyaları var.

Onun sözlərinə görə, min il qabaq da həmin funksiyalar var idi, 100 il qabaq da, 20 il də, indi də. Onun sözlərinə görə, hər hansı bir insanın mənəvi cəhətdən ümumiyyətlə, hər cəhətdən arxalanacağı bir əks cinsin həyatda olması, ona qarşı, onun o sevgi hisslərini oyada bilməsi, onu özünə sevgi ilə bağlaması üçün qarşı tərəf olmalıdır:

"Bu ehtiyac insanlıq yaranandan həmişə insanlarda var. Ondan sonra onların bir-birilə qarşılıqlı hörməti, münasibəti, ailənin özünün nəsil artırma funksiyasını yerinə yetirmə, uşaqlarını cəmiyyətə hazırlaya bilmək üçün imkanların olması, insanların bir-birindən ilhamlanmaq, bir-birindən daha çox arxa-kömək hiss etmək mənasında, bir yerdə yaşaya bilmək, ailədə ər-arvad, uşaqlar arasında ahəngdar münasibət olanda, ailədə aparıcı əsas amil mənəvi dəyərlər olanda, ailənin özü özünün mövcudluğunu, fəaliyyətini təmin etmək imkanları olanda bu ailəni xoşbəxt ailə saymaq olar”.

Sosioloqun fikrincə, ailədə tolerant münasibət olmamalıdır.

“Tez-tez qərb terminləri ilə deyirlər ki, ailədə tolerant münasibət olmalıdır. Mən bunun tərəfdarı deyiləm, çünki tolerant biri-birinə dözmək deməkdir. Yəni ailədə tolerant olmaq, bir-birinə dözə-dözə yaşamaq əzabdır, ailə deyil. Ailədə insanların bir-birinə sevgisi, hörməti, ehtiramı olmalıdır. Yoxsa bir-birinə dözməklə yaşamaq, o, həyat deyil ki. Ona görə dediyim bu şərtlər ödənəndə bu ailəyə xoşbəxt ailə deyə bilərik. İdeal ailə bir az dəqiq deyil. Çünki ideal ümumiyyətlə, biraz mücərrəd sözdür, yəni həyatdan ucada nəzərdə tutulan. Amma xoşbəxt ailə bu dediyim şərtlər olanda ona xoşbəxt ailə demək olar”, - deyə Ə.Qəşəmoğlu vurğuladı.

Həmidə İbrahimova