Bölgələrdə işsizlik problemi - Deputat çıxış yollarını AÇIQLADI
Bu gün ölkə əhalisinin böyük əksəriyyətinin Bakıda cəmləşməsinin bir digər səbəblərindən biri də regionlarda iş yerlərinin az olmasından irəli gəlir. Ötən il 190 min insanın pensiyasının kəsilməsi də işsizlik ordusunu daha da artırıb. Eyni zamanda, günü-gündən məhsullarda olan artım da işsizlikdən əziyyət çəkənlər üçün ciddi problemlər yaradır.
Bəs, regionalarda işsizlik problemini necə həll etmək olar?
Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, regionlarda işsizliyin aradan qaldırılması və bütövlükdə regionlara daha çox investisiyanın cəlb edilməsi prioritet məsələdir.
Onun sözlərinə görə, bu gün regional inkişaf baxımından ən vacib məqamlardan biri bölgələrdə formalaşan infrastrukturun dəyərə çevrilməsi və keyfiyyət baxımından iş yerlərinin yaradılmasına, yaradılan iş yerlərinin sayının artmasına nail olunmasıdır:
“Təbii ki, burada xüsusən özəl sektorun payının artırılması çox vacibdir. Çünki digər ölkələrin təcrübəsi göstərir ki, özəl sektor məşğulluğun təmin edilməsində xüsusi paya malik olur. Bu baxımdan, daha məqsədəuyğundur ki, ümumiyyətlə, regionlarda iş yerlərinin yaradılmasında biznesin, özəl sektorun payının artırılmasına nail olunsun. Bu kontekstdən təbii ki, biz həm də regionlara daha çox investisiyanın cəlb edilməsi ilə bağlı təkliflərimizi təqdim etmişik. Çünki daha çox investisiyanın cəlb edilməsi birmənalı şəkildə regional inkişaf baxımından çox vacibdir. Bu, regional inkişafa xüsusi töhfə verə bilər. O baxımdan, məşğulluğun təmin edilməsi və dayanıqlı iş yerlərinin yaradılması üçün regionlarda özəl sektorun payının artırılmasına ehtiyac var”.
Həmidə İbrahimova