Nazirlikdən maaş XƏBƏRDARLIĞI - Bunu edənlər cəzalandırılacaq

 11:34 09.01.2023     2200

Dövlət Əmək Müfəttişliyi Xidməti minimum əməkhaqqından aşağı əməkhaqqı qeyd edilən əmək müqavilələrinə qanunvericiliyin tələblərinə uyğun olaraq dəyişiklik edilməsi ilə işəgötürənlərə müraciət edib.

Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, müraciətdə bildirilib ki, aylıq iş vaxtı normasını işləyən və əmək funksiyasını yerinə yetirən işçinin aylıq əmək haqqı 2023-cü il yanvarın 1-dən 345 manatdan aşağı ola bilməz.

Müraciətdə qeyd olunub ki, Prezident İlham Əliyevin 5 yanvar 2023-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfətişliyi Xidməti işəgötürənlərin nəzərinə çatdırır ki, 2023-cü il yanvarın 1-ə qədər minimum əməkhaqqından aşağı əməkhaqqı qeyd edilmiş əmək müqavilələrinə qanunvericiliyin tələblərinə uyğun olaraq dəyişiklik edilməsi və bununla bağlı müvafiq əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi təmin edilməlidir.

Aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı 2023-cü il yanvarın 1-dən 345 manatdan aşağı ola bilməz.

Nazirliyin “Əmək və Məşğulluq” altsistemi vasitəsilə bu sahədə vəziyyətə mütəmadi nəzarət olunur. Bağlanmış əmək müqavilələri, eləcə də müqavilələrə dəyişiklik edilməsi və ya xitam verilməsi barədə bütün məlumatlar həmin altsistemdə öz əksini tapır.

Bu altsistem iş yerlərində bağlanmış əmək müqavilələri üzrə müəyyən edilmiş bütün əməkhaqları üzrə məlumatları real vaxt rejimində izləməyə imkan verir.

Nəzərinizə çatdırırıq ki, İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə əsasən işçiyə minimum aylıq əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsi inzibati məsuliyyətə səbəb olur.