Saatlıda baytar məsuliyyətsizliyi fermerə böyük ziyan vurdu - VİDEO

 17:10 14.01.2023     2214

Saatlı rayonunda baytarların səhlənkarlığı maldarlıqla məşğul olan fermer Vüqar Ağayevin təsərrüfatına böyük ziyan vurub.

Bu barədə Redaktor.az-a müraciət edən V.Ağayevin sözlərinə görə, iyul-avqust ayında onun heyvanları çiçək xəstəliyi əleyhinə peyvənd olunmadığı üçün təsərrüfatında 80-dək quzu bu xəstəlikdən tələf olub.

Məsələni araşdırmaq üçün üçün Saatlı rayonuna üz tutub Vüqar Ağayevin təsərrüfatına baş çəkdik və orda yaşanan dəhşətli mənzərənin şahidi olduq. Həqiqətən də 2-3 həftəlik körpə, əmlik quzuların cəsədlərindən qalaq yaranmışdı. Təsəsrrüfatın çobanı Malik Tarverdiyevin sözlərinə görə, bu quzular avqust ayından məcburi çiçək əleyhinə peyvənd olunmalıydı. Lakin rayon baytarlıq idarəsinin səhlənkarlığı, işinə məsuliyyətsiz yanaşması səbəbindən, başqaları nədənsə yaddan çıxmadığı halda Vüqar Ağayevin heyvanlarının vaksinasiyasını unudublar.

Malik Tarıverdiyev bildirdi ki, vəziyyətin kəskinləşdiyini görəndən sonra rayon baytarlıq idarəsi onun heyvanlarına çiçək əleyhinə iynə vurub, o da lazımi ölçüdə vurulmadığı üçün daha da mənfi təsir edib. Bu azmış kimi baytarlar ona deyiblər ki, gəl, bu heyvanların vaxtında vaksin olunmaları barədə sənədə qol çək...

Digər bir tərəfdən həmin dərmanlar xəstəliyi önləmək üçün əvvəlcədən heyvanlara vurulur. Xəstəliyə tutulan heyvana heç bir dərman kömək etmir, yazıq quzular qaşındıqları üçün özlərini dişləri ilə didə-didə ölürlər.

Məsələyə aydınlıq gətirmək üçün Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzinin Heyvan sağlamlığı və Baytarlıq İdarəsinin rəisi Bəhmən Namazovla görüşdük. Bəhmən müəllim əvvəlcə heyvanların xəstələnməsini maraqlı səbəblərlə əlaqələndirdi. Gah dedi ki, başqa rayonun sakini ola bilsin, həmin  fermaya gəlib, onun ayaqqabındakı xəstəlik də fermadakı heyvanlara keçib. Gah da fermaya gələn maşınların təkərindəki xəstəliyin heyvanları yoluxdurduğunu iddia etdi. Qısası, həqiqətən də bu, "səbəblər" bizi bir az güldürdü.

Vəziyyətin gülünclüyünün ciddiliyini başa düşəndən sonra Bəhmən həkim Kənd Təsərrüfatı Nazirliyini günahlandırdı ki, vaksinləri lazımi sayda və vaxtında göndərməyiblər.

Gecə-gündüz yatmadan heyvanlarının əziyyətini çəkən fermerlərə dəyən 20-30 min manatlıq ziyanı onun nəzərinə çatdirdıqda çiyinlərini çəkib qısa dedi: “İndi olub da...”

B. Namazov bizə məsələni yemək stolu ətrafında, onun təbirincə desək, “dədə-baba” qaydası ilə müzakirə etməyi təklif etdi. Görünür, Kənd Təsərrüfatı Nazirliyində onu belə öyrədiblər...

Yeri gəlmişkən, Bəhmən Namazov vaksinasiya işinin vaxtında təşkil edə bilmədiklərinə görə tabe olduğu nazirliyi günahlandırdığı üçün biz də ənənəmizə sadiq qalıb, sözügedən qurumdan da bu məsələyə münasibət öyrəndik. Özü də Bəhmən həkimin birbaşa rəisi Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Bayandur Rzayevdən.

Bayandur müəllimin isə cavabı belə oldu: “Gedin, Bəhmən Namazovu verin məhkəməyə, əgər günahı sübut olunsa biz də cəzalandıracağıq...”

Sözügedən məsələ barədə Redaktor.az saytının geniş video-materialını təqdim edirik:

İltifat HACIXANOĞLU