Sərnişinlərin nəzərinə! - Buna görə 5 min manat ödənilir

 17:33 16.01.2023     1077

Azərbaycanda ictimai nəqliyyat vasitələrinin, xüsusilə avtobusların iştirakı ilə qəzalara az rast gəlinmir. Bu qəzalarda bəzən istər sərnişinə, istərsə də sərnişinin şəxsi əşyasına da ziyan dəyir.

Bəs, qəza olanda vətəndaşın özünə və əşyasına dəymiş zərəri kim ödəməlidir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan hüquqşünas Ceyhun Cəfərli bildirdi ki, nəqliyyat vasitələrinin icbari sığortası haqqında qanun var.

Onun sözlərinə görə, hər bir avtomobil yüksək təhlükə mənbəyi kimi icbari qaydada sığortalanmalıdır:

“Onlara nəqliyyat vasitələrinin üçüncü şəxslər qarşısında məsuliyyətinin icbari sığortası deyilir. Əgər avtobusda qəza baş verirsə, təqsir avtobus sürücüsündədirsə və avtomatik olaraq həmin sərnişinə yol nəqliyyat hadisəsi zamanı xəsarət dəyirsə, təqsirli nəqliyyat vasitəsinin məsuliyyətini sığortalayan sığorta şirkəti sərnişinə vurulan zərəri ödəyir. Amma bu məbləğ 5000 manata qədərdir. Bu məbləğlə ödənilməyən hissəni, məsələn, sığorta şirkəti 5000 manat ödəyir, qalan məbləği təqsirli nəqliyyat vasitəsinin sahibi və ya mülkiyyətçi ödəyir. Bəzən sual yaranır ki, bunu sürücü özü ödəməlidir. Amma sürücü əmək müqaviləsi ilə işləyən işçidir və işçinin vurduğu ziyana görə işəgötürən məsuliyyət daşıyır. Sonra işə götürən özü onu işçidən hansı qaydada alacaq, o artıq işəgötürənlə işçi arasında münasibətə aiddir. Bu, tək sərnişindaşıma xidmətinə aid deyil. Ümumiyyətlə, adi qaydada mülki avtomobillərdə də hərəkət zamanı ziyan dəyirsə, dəymiş zərər eyni qaydada dediyim kimi ödənilir”.

Nəqliyyat eksperti Elməddin Muradlı isə bildirdi ki, ictimai nəqliyyatda qanuni fəaliyyət mövcuddursa, təbii ki, sərnişinlərin fərdi sığortası da həyata keçirilir və aktivdir.

“Sadəcə olaraq burda nəzərə almaq lazımdır ki, sığorta ödənişləri maksimum 5000 manat civarındadır. Əgər hər hansı bir qəza baş verirsə, bir neçə nəfər xəsarət alırsa, sığorta ödənişi üçün müraciət olursa, bu məbləğ onlar arasında bərabər bölünür. Əlavə xərc qalırsa, onu artıq daşıyıcı şirkətdən, yəni vətəndaşlar mülki qaydada məhkəmə yolu ilə tələb edə bilərlər. Amma real praktikada biz görürük ki, bəzən vətəndaşlar müraciət etmirlər, istəmirlər. Bəlkə də öz hüquq və vəzifələrini bilmədiklərinə görə müraciət etmirlər. Ancaq xəstəxanaya müraciət edirlər, müalicə olunurlar, çıxırlar və ümumiyyətlə, xəbərləri də olmur ki, belə bir ödəniş növü var. Ona görə də düşünürəm ki, belə hallar baş verdikdə insanlar arasında maarifləndirmə işləri aparmaq lazımdır.  Müraciət edib o ödənişləri ala bilərlər. Bunun üçün çəkilən xərcləri mütləq hesablamaq lazımdır. Həkim üçün çəkilən xərc, işə çıxmadağı müddətdə dəymiş zərər və sairə. Ümumilikdə bu məsələlərə diqqətlə yanaşmaq lazımdır ki, ödənişi tələb edəndə əlimizdə bir əsas olsun”, - deyə o, əlavə etdi.

Həmidə İbrahimova