"№1" çörəkləri mağazalarda niyə fərqli qiymətə satılır? - FOTO

 13:54 07.03.2023     5249

Redaksiyamıza oxucularımız tərəfindən Bakıda istehsal olan "№1" çörəyinin qiymət fərqləri ilə bağlı şikayət daxil olub. Belə ki, digər marketlərdə 600 qramlıq olan çörəyin qiyməti 75 qəpik olsa da, bir digər mağazada eyni çəkidə olan çörəyin qiyməti 77 qəpik təşkil edir.

Eyni zamanda, əvvəl çəkisi 700 qram olan çörəyin qiyməti 65 qəpik idi. Lakin son qiymət artımından sonra çörəyin çəkisi bir qədər də azaldılaraq, 600 qram təşkil edir, qiymət isə 75-77 qəpikdir.

Məsələ ilə bağlı Redaktor.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, illərdir dövlət orqanları bu çörəyin qiymətinə basqı yaradırlar.

“Adını çəkdiyiniz "№1" çörəyi sosial çörək və yaxud xalq arasında zavod çörəyi adlandırılır. Çox təəssüf edirəm ki, neçə illərdir ki, dövlət orqanları məhz bu çörəyin qiymətinə basqı yaradırlar və onun qiymətinin sabit saxlanması işini görürlər. Hansı ki, azad bazar iqtisadiyyatı şəraitində dövlət belə bir iş görməməlidir. Dövlətin vəzifəsi odur ki, rahat rəqabət mühiti yaratsın ki, qiymət aşağı düşsün, keyfiyyət qalxsın. Təəssüf ki, bizdə olan məlumata görə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti gizli olaraq bu çörəyin qiymətini sabit saxlanması üçün böyük təsiri altında saxlayır və təkcə №1 yox, digər çörək istehsalçıları "qırmızı xətt"in üstündə dayanıblar. Bir az da təzyiq olsa, yıxılacaqlar. Sonra qiymətləri sərbəst olan çörəklərə keçəcəklər. Hökumətin bu sərt siyasəti var”.

Eyyub Hüseynovun sözlərinə görə, belə bir vəziyyətdə bu çörək istehsalçıları və digər sosial çörək istehsalçıları çətinliyə dözmək, tab gətirmək üçün keyfiyyəti aşağı salır, nəmliyi yuxarı qaldırır, çəkini azaldır, min cür yol tapırlar ki, dövlətin baxışından canlarını qurtarsınlar və qiyməti sabit saxlasınlar:

“Əslində isə o bütün çörəklər kimi bu çörəklərin də qiyməti sərbəst olmalıdır. İstənilən yerdə istənilən qiymətə satıla bilmək imkanı olmalıdır. Çox təəssüf ki, həmin o basqıdan əmələ gələn bir məsələdir. Hökumətin bu sərt siyasəti nəticəsində qeyd etdiyim kimi, çörəklərin çəkisi, keyfiyyəti aşağı düşür. Səbəb təəssüf ki, bax, belə şeylərdir. Bunu əlbəttə, çörək istehsalçısı özü deyə bilməyəcək. Onun cəsarəti çatmayacaq. Amma mən deyirəm”.

Mövzu ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə sorğu göndərdik.

Sorğuya cavab olaraq bildirildi ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən istehlakçıların mal, iş və xidmətlərin miqdarı, çeşidi, keyfiyyəti və qiyməti haqqında dolğun və düzgün məlumat əldə etmək hüququ var. Həmçinin “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qida və yem məhsulları qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olaraq qablaşdırılmalıdır. Qida məhsullarının etiketində istehlakçıya miqdarla bağlı dolğun məlumat verilməlidir. Çörəklərin üzərində çəkisi göstərilmədiyi halda, istehlakçı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə, çörəyin faktiki çəkisinin üzərində göstərilən çəkidən az olması və ya satışının üzərində göstərilən qiymətdən fərqli qiymətə aparılması halları ilə bağlı isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə (195-1 Çağrı Mərkəzi, competition.gov.az rəsmi internet saytı və ya [email protected] elektron poçt vasitəsilə) müraciət edə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 447.0.1-ci maddəsində “az miqdarda” dedikdə, üç yüz manatdan yuxarı olmayan məbləğ başa düşülür".

Müxtəlif mağazalarda eyni adlı məhsulun fərqli qiymətlərə satılmasına gəldikdə isə, Dövlət Xidmətindən bildirildi ki, qanunvericiliklə qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənməyən malların qiymətləri liberal bazar iqtisadiyyatı şəraitində rəqabət prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında formalaşır.

Məsələ ilə bağlı "№1" Çörək zavodu ilə əlaqə saxladıq. Qurumun rəsmisi Rəşad Mehdiyev bildirdi ki, qiymətlərin fərqli olmağı marketin öz işidir:

"Birinci növbədə onu qeyd edim ki, 600 qram olmağı çoxdan olub. Yəni qiymət artımından əvvəl 700 qramlıq məhsullarımız ləğv olunub, əvəzinə 600 qramlıq satışa buraxılıb. Bir müddətdən sonra unun və digər xammalların qiyməti qalxdığına görə məcbur olub nəinki 600 qramlıq, bütün məhsulların qiymətini qaldırmışıq. Tək biz qaldırmamışıq. Bütün zavodlar qaldırıb. Qaldı ki, qəpik fərqinə, o, marketin öz işidir. Yəni biz onlara başqa qiymətdən məhsul verməmişik. Qiymət yerində qalır, onlar sadəcə iki qəpik aşağı, iki qəpik yuxarı özləri verirlər. Elə olur ki, kampaniya keçirirlər və ümumiyyətlə, 75 qəpiklik çörəyi 70 qəpiyə, 65 qəpiyə verirlər. Bu, marketin öz işidir. Axırıncı dəfə qiymət artımından sonra qiymət artırmamışıq. Olduğu kimi də qalıb".

"№1" çörəyinin 77 qəpiyə satıldığı "Bravo" marketlər şəbəkəsinə ünvanladığımız sual isə cavabsız qaldı.

Həmidə İbrahimli

222