Müharibə veteranlarının müavinəti nə zaman artırılacaq? - AÇIQLAMA

 17:37 19.01.2023     2159

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla minimum əməkhaqqı bu ilin əvvəlindən 15 faiz artırılaraq 300 manatdan 345 manata, minimum pensiya isə 40 manat artımla 240 manatdan 280 manata çatdırılıb.

Bundan başqa, artımlar uşağın anadan olmasına, dəfnə görə birdəfəlik ödənişlər, yaşa, ailə başçısını itirməyə, beşdən çox uşağı olan qadınlara, aztəminatlı ailələrə, fəxri adlara görə müavinətlərə, 1941-1945-ci illər Böyük Vətən Müharibəsi iştirakçıları üçün Prezident təqaüdlərinə də şamil edilib.

Maraqlıdır, bir çox sahələrə aid edilən bu artımlar Qarabağ müharibəsi veteranlarını əhatə etməyib.

Bəs, veteranlara verilən müavinətə nə zaman artım ediləcək?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirdi ki, 2023-cü ilin ilk həftələrində kifayət qədər genişmiqyaslı sosial sərəncam və fərmanların imzalanması ondan xəbər verir ki, 2023-cü ildə sosial paketin dərinləşməsi prioritet olacaq.

“Təbii ki, xüsusən nəzərə alsaq ki, dövlət büdcəsinin bu istiqamətdə 15,2 milyard manat vəsait nəzərdə tutulub və bu, ümumi büdcə xərclərinin 46 faizi deməkdir. Yəni bütövlükdə gələn il büdcədən ayrılan hər iki manatın təxminən bir manatı sosial istiqamətə yönəldiləcək. Bu da təbii ki, ondan xəbər verir ki, Azərbaycan sosial dövlət statusunu 2023-cü ildə qoruyub saxlayacaq”, - deyə deputat qeyd etdi.

Veteranlara verilən müavinətin artırılması məsələsinə gəlincə isə Vüqar Bayramov vurğuladı ki, məsələ Milli Məclisdə müzakirə edilib və bu istiqamətdə təkliflər təqdim olunub:

“Bu məsələ araşdırılan və hər zaman diqqətdə olan məsələlərdəndir. Bizim də gözləntimiz ondan ibarətdir ki, mövcud imkanlar daxilində bu məsələyə də növbəti paketlər çərçivəsində baxılsın. Paketin davamlı olduğunu nəzərə alsaq, bu, onu deməyə əsas verir ki, biz 2023-cü ildə digər sosial proqramlarda da artımlarla bağlı qərarların verilməsinin şahidi olacağıq”.

Nərmin VÜQARQIZI