Məişət zorakılığından zəzər çəkmiş kişilər də sığınacağa yerləşdirilir? - AÇIQLAMA

 21:14 19.01.2023     905

Bu gün ölkəmizdə qadınlar üçün kifayət qədər sığınacaqlar var. Həmin sığınacaqlarda şiddətə məruz qalmış, valideynlərini itirib və yaşamaq üçün evi olmayanlar, eyni zamanda sosial cəhətdən imkanı olmayan qadınlar yerləşdirilir.

Qeyd edək ki, bir sıra ölkələrdə, o cümlədən qardaş Türkiyədə kişilər üçün sığınacaqlar mövcuddur.

Bəs, ölkəmizdə kişilər üçün bu cür sığınacaqlar varmı?

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu göndərdik.

Sorğumuza cavab olaraq bildirildi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində müəyyən yaşayış yeri olmayan şəxslərin stasionar şəraitdə reabilitasiya yönümlü sosial xidmətlərlə təminatı həyata keçirilir:

“Burada həm kişi, həm də qadınların rahat yaşaması, dövlət qayğısı ilə əhatə olunması üçün lazımi şərait yaradılıb. Qəbul edilən sakinlərə sosial-hüquqi, tibbi-sosial, sosial-məişət xidmətləri, eləcə də sosial-məsləhət yardımı göstərilir. 1 avqust 2021-ci il tarixindən fəaliyyət göstərən Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsində məişət zorakılığından zərər çəkmiş şəxslər sığınacaqla təmin olunmaqla bərabər, onlara psixo-sosial dəstək və məsləhət yardımı xidməti göstərilir. Həmin şəxslərin sosial reabilitasiyası, sosial statuslarının bərpası istiqamətində fərdi iş planı üzrə işlər aparılır. Onların ilkin tibbi müayinəsi, psixoloji-emosional vəziyyətinin qiymətləndirilməsi, ilkin tibbi yardımla təmin edilmələri, hüquqlarının müdafiəsi və s. üçün də tədbirlər görülür. Burada sakinlərin yaşayışı, sosial-reabilitasiyası tədbirlərinə cəlb olunmaları, mədəni-asudə vaxtının təşkili üçün müasir şərait yaradılıb. Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsinə ötən dövrdə müraciət edənlər arasında kişilər olmayıb”.

Mövzu ilə bağlı Redaktor.az-a danışan sosioloq Üzeyir Şəfiyev qeyd etdi ki, əslində sığınacaqların qadın, kişi deyə bölgüsü yoxdur.

Onun sözlərinə görə, sığınacaq vətəndaş və insanlar üçündür:

“Burada gender bölgüsü, gender əsaslı sığınacaqlar, məncə adekvat yanaşma deyil. Burada sığınacaqdan söhbət gedirsə, biz insan faktorunu nəzərə alırıq. İnsan faktoru nəzərə alınanda da qadın, kişi fərqi yoxdur. Sığınacaq kişilər üçün, qadınlar üçün də ünvan seçilə bilər. Amma sığınacaqların nəyə görə az və ya çox olması məsələsi var. Şübhəsiz ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi səviyyəsində, məncə, münasibət bildiriləsi məsələdir. Nə qədər ehtiyac var, nə qədər müraciətçi var və o müraciətçiyə uyğun sığınacaqların yerləşməsi, hətta onun coğrafi arealı hansı ərazidə nə qədər olmalıdır, paytaxtda nə qədər olmalıdır, regionda nə qədər olmalıdır? Bu, artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyəti çərçivəsində və onun strategiyası əsasında müəyyənləşir. Məsələn, ölkə üzrə nə qədər belə bir sığınacağa ehtiyac var və hansı təyinatlı sığınacaqlara daha çox ehtiyac var. Güman edirəm ki, buna uyğun şəkildə, onların fəaliyyət planında bu nəzərə alınır. Sığınacaqlar müxtəlif motivli və təyinatlı ola bilər, təyinatından asılı olaraq sığınacaqların yerləşməsi həm rayonlar üzrə, həm paytaxt üzrə yerləşməsi müəyyənləşməlidir. Azərbaycan sosial dövlət quruculuğu istiqamətinə keçdiyi üçün sosial dövlətdə də insan faktoru əsas faktor olduğuna görə hesab edirəm ki, cins və yaş faktorundan, eyni zamanda digər faktorlardan asılı olmayaraq hər bir insanın təhlükəsizliyi və sosial təhlükəsizlik məsələsi dövlətin prioritet istiqamətlərindən biridir. Bu baxımdan, dövlətin müvafiq icra orqanları tərəfindən, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən diqqətə alınası məsələdir və bu istiqamətdə bildiyim qədər də addımlar atır. Yəni bu istiqamətdə belə bir sığınacaqlar fəaliyyət göstərir”.

Həmidə İbrahimova