“YAŞAT” Fondu qazilərimizin Türkiyədə müalicəsinə vəsait tapmır? - AÇIQLAMA
Türkiyədə reabilitasiya keçən Vətən müharibəsinin 1-ci qrup əlil 11 qazisi müalicələri bitmədən Bakıya qaytarılacaq.
Redaktor.az xəbər verir ki, bu barədə hazırda Türkiyədə yaşayan tanınmış jurnalist Məhsəti Şərif Özyürək məlumat paylaşıb. Jurnalist bildirib ki, qazilərimiz Əliyev Samir Daşqın oğlu, Xanaliyev Elşən Çingiz oğlu, Əhmədzadə Turan Mahir oğlu, İsmayılov Bəxtiyar Etibar oğlu, Nəsirov Elmar Elmir oğlu, Ataxanlı Əfsər Tələt oğlu, İmanlı Vahid Taleh oğlu, Musayev Etiram Nağı oğlu, İsayev Valeh Mehrac oğlu, Qafarov Əzim Rafiq oğlu adından ona Kənan Nəsirov Fizuli oğlu ismarıc göndərib.
“Biz hamiz 1-ci qrup qazilərik, müalicəmiz burda bu günə qədər davam edirdi. Amma “YAŞAT” Fondu müalicəmizi yarımçıq qoyub bizi Azərbaycana qaytarır. Səbəbini isə fondda pulun olmaması ilə izah ediblər”.
Məhsəti Şərifin sözlərinə görə, Bursada müalicə alan qazilərlə danışıb. Onlar bu məsələni ictimailəşdirməyi ondan xahiş ediblər.
“Fondun pulu bitibmi? Qazilərimiz Prezident İlham Əliyevin onların səslərini duymasıni istəyir”,- deyə həmkarımız qeyd edib.
Məsələyə münasibət bildirən ASAN Xidmətin mətbuat katibi Elnur Niftəliyev Redaktor.az-a açıqlamasında bildirdi ki, Türkiyəyə göndərilən hər bir qazimizin müalicəsi ilə bağlı rəy mütəxəssislər tərəfindən verilir.
“İcra olunmalı əməliyyatların və ya müalicə prosesinin ölkəmizdə keçirilməsi mümkün olmadıqda Türkiyə təcrübəsinə müraciət edilir. Ölkə xaricində müalicə həkim rəyi ilə müəyyən edildiyi kimi, geri dönüş və müalicənin davamının necə olacağı da yenə mütəxəssislərin rəyinə uyğun şəkildə həyata keçirilir. Ağır yaralıların səhhəti kritik vəziyyətdən stabilə gətirildikdən, müsbətə doğru irəliləyiş müşahidə edildiyindən və müalicənin Azərbaycanda davam etdirilməsinin mümkünlüyü təsdiqləndikdən sonra onların mərhələli şəkildə ölkəyə gətirilməsi həyata keçirilir. Hər bir yaralının müalicə müddətini və reabilitasiya prosesini mütəxəssislər təyin edirlər. Onların müalicəsi fərdi olaraq həyata keçirildiyindən qazilərin geri dönüş tarixləri də müalicə prosesinə uyğun reallaşdırılır. Qazilərin səhhətinin daha yaxşı vəziyyətə gətirilməsi üçün mümkün olan bütün tədbirlər görülür və həkimlərin də bildirdiyinə əsasən reallıq ondadır ki, ağır yaralanmış qazilərimizin bəzilərinin müharibədən əvvəlki vəziyyətlərinə qaytarılması mümkün deyil”,- E.Niftəliyev qeyd etdi.
Konkret olaraq müraciətdə adı çəkilən 11 qazinin məsələsinə toxunan mətbuat katibinin sözlərinə görə, onların müalicəsi artıq 2 ildir ki, Türkiyədə aparılır və reabilitasiyalarının ölkə daxilində davam etdirilməsinin mümkünlüyü barədə həkim rəyinin 2022-ci ilin aprel ayından verilməsinə baxmayaraq onların Fonda müraciətləri əsasında həmin müddət bir qədər uzadılıb.
E.Niftəliyev açıqlamasında ”YAŞAT” Fondunda vəsaitlərin azalmasını dolayısı ilə təsdiqlədi:
“Fonda edilən müraciətlər ehtiyacların prioritetliyi nəzərə alınmaqla, növbəlilik prinsipi ilə sıralanır. Fondun vəsaiti isə könüllü ianələr əsasında formalaşdırılır. Hazırda edilən müraciətlər ianələrin azalması səbəbi ilə Fondun büdcəsinə uyğun təmin edilir. Ümumilikdə qazilərin və şəhid ailə üzvlərinin Türkiyə Respublikasında müalicələrinin aparılması üçün Fondun büdcəsindən 18 235 114.41 AZN vəsait xərclənib. Əlavə olaraq bildiririk ki, müalicə prosesində qazilərimizlə birlikdə 1 nəfər ailə üzvü də Fond tərəfindən bütün xərcləri ödənilməklə Türkiyəyə göndərilir. Ailə üzvlərinin bu prosesə cəlb olunması mümkün olmadıqda onlara bir nəfər baxıcı təhkim olunur. 2 ildən artıq müddətdir ki, qazilər ölkə xaricinə göndərilir və bu müddətdə onların digər ailə üzvləri - həyat yoldaşları, valideynləri, övladları ilə də mütəmadi görüşlər təşkil olunur. Eyni zamanda həmin qazilərimiz Türkiyədə təşkil olunan rəsmi tədbirlərə xüsusi qonaq qismində dəvət olunurlar, bayramlarda, xüsusi günlərdə onlar üçün təşkil olunan ziyafətlərə qatılırlar.
“YAŞAT” Fondu qazilərimizin müalicəsinin bütün maliyyə xərclərini qarşılayır. Bura təyyarə bileti, xəstəxana xərcləri, qarşılanma, yemək və hotel, nəqliyyat daxil olmaqla yarana biləcək bütün xərclər maliyyə hesabatlarında əks olunub. Bütün bu xərclərdən başqa, yarana biləcək hər hansı əlavə istəkləri üçün hər ay 200 dollar xərclik qazilərimizə təqdim olunub. Qazilərimiz tibbdən əlavə Fondun digər – məişət şəraitinin yaxşılaşdırılması, təhsil xərclərinin və borc öhdəliklərinin qarşılanması istiqamətlərində müraciətləri də təmin edilib”.
Həmidə İbrahimova