Bakıda bu binalar təhlükə mənbəyidir - VİDEO
Türkiyədə dağıdıcı zəlzələdən sonra çoxmərtəbəli yaşayış binalarının təhlükəsizliyi mövzusu aktuallaşıb. Mütəxəssislərin fikrincə, binalar bir-birinə nə qədər yaxın inşa edilərsə, zəlzələ zamanı dağıntı və tələfat bir o qədər çox olar.
Redaktor.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı “Xəzərxəbər”ə müsahibəsində 2019-cu ilə qədər inşa edilmiş binaların əksəriyyətində ara məsafəsinə əməl edilmədiyini bildirib.
Ekspert qeyd edir ki, hətta sıxlıq əmsalı tətbiq ediləndən sonra da bir çox ərazilərdə binaların yerləşməsi ilə bağlı qaydaların kobud şəkildə pozulması müşahidə edilir.
Ramil Osmanlının sözlərinə görə, bir-birinə yaxın inşa edilən binalar təhlükəsizlik baxımından böyük risk daşıyır. Digərindən cəmi bir neçə metr aralıda inşa edilən onlarla binanın həyətində cəmi bir avtomobil keçəcək qədər məsafə qoyulur. Bu isə fəlakət anında əraziyə girişi də tamamilə bloklamış olur.
Ekspertlər hesab edirlər ki, qarşıdakı illərdə vətəndaşlar daha çox həyət evləri almağa üstünlük verəcəklər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda: