Supermarketlərin adı yazılmış torbalara həm pul verir, həm də reklam edirik

 19:11 05.06.2023     5312

Məlum olduğu kimi, fevralın 15-dən etibarən Azərbaycanın ticarət şəbəkələrində və marketlərdə polietilen torbaların pulla satışına başlanılıb. Maraqlıdır ki, əvvəllər məsələn, "Araz", "Bravo", "Bazar store", "Neptun", "Oba", "Al" market kimi mağazalar üzərinə öz adları yazılmış torbaları alıcılara pulsuz təqdim etməklə həm də özlərinin reklamını edirdilərsə, indi reklam yazısı olan eyni torbaları alıcıya satırlar. Yəni alıcı həm torbaya pul ödəyir, həm də hansısa marketin reklamını edir. 

Bəs, əgər bu torbalar ödənişlidirsə, o zaman şəffaf torbalardan, yəni hansısa mağazanın reklamı olmayan torbalardan istifadə olunmalı deyilmi? 

Məsələ ilə bağlı Redaktor.az-a danışan Azad İstelkaçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, təəssüflər olsun hökumətin qərarlarında, o cümlədən Ekologiya Nazirliyinin tələblərində bu məsələ ortalığa qoyulmayıb.

Onun sözlərinə görə, Azad İstehlakçılar Birliyi 10 ildən artıqdır təklif edir ki, torbalar şəffaf olmalıdır:

"Çünki o torbaların üstündə tərkibində ağır metallar olan boyalarla yazılmış yazılar var. Ağır metallar insanı zəhərləyən qurğuşunlardır və onların bəzən də rəngi çıxır. İnsanlar əslində ağır metalları evlərinə daşıyırlar. Birmənalı şəkildə hökumətin qərarlarında, Ekologiya Nazirliyinin tələblərində bu məsələ gərək qoyulmalı idi. Torbalar şəffaf olmalıdır. Təkcə ərzaq mağazalarında yox, bütün digər sənaye malları mağazalarında şəffaf olmalıdır və qalın torbalarda, yəni qalınlığı 50 mikrondan qalın olan torbalar pulla satılmalıdır. Hökumət 50 mikrondan aşağı torbaların satışını nəzərdə tutur. Lakin Azad İstehlakçılar Birliyi deyir ki, qalın torbalar da ətraf mühiti intensiv çirkləndirir, ona görə onlar da birmənalı şəkildə pulla olmalıdır. Ekologiya Nazirliyi və uyğun dövlət qurumu istehlakçılar arasında yaxşı geniş məlumatlandırma işi aparmalıdır, layihələr həyata keçirməlidirlər. Yəni bu işlərə müəyyən qrantlar ayrılmalıdır. İnsanlar maariflənsin və təsadüfi deyil ki, Azad İstehlakçılar Birliyi 500-ə qədər bezdən torba hazırladı, onu təmənnasız olaraq payladı. İstehlakçılar indi də daşıyırlar. Onlar tərəfindən uyğun bazar torbaları böyük məmnuniyyətlə qarşılandı".

Eyyub Hüseynovun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İqtisadiyyat Nazirliyi, digər bu işə maraqlı olan qurumlar mütləq o cür layihələr həyata keçirməlidir:

"Vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələri ilə xüsusən sıx işləməlidir ki, əhali maariflənsin və bu torbalardan uzaqlaşsın. İnsanlar onun tələbatını minimuma endirsin və üstəlik ayrıca bir fond açılsın. Bu, Azad İstehlakçılar Birliyinin təklifidir. Torbaların satışından yığılan pullar fondda toplaşsın və o fond ətraf-mühitin sağlamlaşdırılması işinə xidmət eləsin, şəffaflıq yaransın. O fondun idarəçiliyi, kütləvi informasiya vasitələri, ictimai təşkilatların nəzarət altında olsun ki, orada şəffaflıq olsun. Bu belə olsa, nəticə verər, yoxsa istehlakçılar Azad İstehlakçılar Birliyinə narazılıq edirlər. Deyirlər ki, biz torbalara da pul veririk və o pul necə olur bilmirik, o da satıcıların cibinə gedir. İstehlakçıların burada narazılıqları elan olunmalıdır. Ekologiya Nazirliyi, İqtisadiyyat Nazirliyi kütləvi informasiya vasitələri və ictimai təşkilatlara sıx əlverişli işləməlidir ki, bu iş effektiv nəticə versin".

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinə və sözügedən nazirlik yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ayrı-ayrılıqda sorğu göndərdik.

Hər iki sorğumuza cavab olaraq olaraq bildirildi ki, Azərbaycan Respublikasında fəaliyyət göstərən istənilən sahibkarlıq subyekti mövcud qanunvericiliyin tələblərinə əməl etməklə öz adından istifadə edərək polietilen torbalarda öz adından reklam yerləşdirə bilər:

"İstehlakçı isə öz seçiminə uyğun olaraq polietilen torbalardan istifadə edib-etməməkdə azaddır".

Həmidə İBRAHİMLİ