Universitet müəllimlərinin maaşı necə hesablanmalıdır? - Professordan təklif
Ötən gün ölkə başçısının sərəncamı ilə diaqnostik qiymətləndirmələrdən keçmiş müəllimlərin, eləcə də direktor və müavinlərinin aylıq vəzifə maaşları 10 faiz qaldırıldı.
Bu gün Azərbaycan ali təhsil seqmentində professor-müəllim heyətinin maaşları nə dərəcədə yetərlidir? Doğrudur, ali təhsil müəssisələrinin bir çoxu publik hüquqi şəxs statuslu olduğu üçün maliyyə tənzimlənməsi, maaşların müəyyən edilməsi məsələsində sərbəstdirlər. Burada ştat üzrə çalışan kafedra əməkdaşına ayrılan saat bölgüsü də əsaslı rol oynayır.
Amma ümumilikdə götürsək, hazırda Azərbaycan ali təhsil müəssisələrində müəllimlərin maaşı qənaətbəxş hesab oluna bilər?
Redaktor.az xəbər verir ki, Əməkdar Elm Xadimi, Türkiyə Dövlət Mükafatı Laureatı, professor Arif Səlimov moderator.az-a açıqlamasında Azərbaycan universitetlərində professor-müəllim heyətinin maaşlarının tənzimlənməsi haqqında danışıb:
“Xaricdə universitet müəllimlərinin maaşına akademik fəaliyyətinə görə hər ay əlavələr olunur”
“Bir çox xarici ölkələrin universitetlərində, əsasən, professor-müəllimlərin maaşları, differensassiya ilə təyin olunur. Tutalım ki, iki professor götürək, biri sadəcə dərs keçir, onunla kifayətlənir, digəri isə həm dərs keçir, həm də elmi araşdırmalar aparır, tanınmış indeksli jurnallarda məqalələri çap olunur, ciddi elmi bazalardan istinadlar alır, yüksək h-indeksə sahib olur, ciddi elmi konfranslarda iştirak edir, indeksli jurnalların redaksiya heyətində yer alir, elmi layihə və monoqrafiya hazırlayır, elmi kadrlar yetişdirir. Bu işlərin onun maaşına təsiri olmursa, bu düzgün sayılmaz. İnkişaf etmiş ölkələrdə belə müəllimlərin maaşlarına hər ay əlavələr olunur.
Nümunə kimi qardaş Türkiyəni deyə bilərəm. Mən uzun müddət orada universitetdə işləmişəm. Orada müəllimlərin maaşına akademik fəaliyyətinə görə hər il əlavələr olunur. Belə ki, hər il akademik bal çıxarılır, bu bala görə, maaşlarına əlavələr edilir və bu qayda hər il yenilənir. Buna “Akademik təşviq” deyirlər. Ölkəmizdə də qismən belə difserensassiya olsa da (məsələn, indeksli jurnallarda alimin çap olunan məqalələrinə bir səfərə məxsus olmaqla ödəmə), bu sistem hələ tam oturmayıb”.