"İndiki vəziyyətdə suyun qiymətini qaldırmaq olmaz" - Vahid Əhmədov

 13:44 13.03.2023     391

Xəbər verdiyimiz kimi,  "Azərsu" ASC-nin sədr müavini Etibar Məmmədov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət" adlı mətbuat konfransında Azərbaycanda içməli suyun tariflərinə yenidən baxılmasını təklif edib. Onun sözlərinə görə, ölkədə içməli su maya dəyərindən aşağı qiymətə satılır.

Bəs, ölkə ərazisində içməli suyun bahalaşması əhalidə sosial problem yarada bilərmi?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov bildirdi ki, istənilən halda qiymət qalxanda problem həmişə yaranır.

Onun sözlərinə görə, qiymət qalxanda insanların həyat şəraitinə təsir edir:

"Bu barədə mən fikrimi bildirmişdim. Yəni "Azərsu" bununla əlaqədar müəyyən çıxışlar edib. Mən onları da başa düşürəm. Çünki onlar dövlət büdcəsindən kifayət qədər vəsait alırlar. Amma indiki şəraitdə əvvəl su qıtlığı ilə əlaqələndirirdilər ki, su qıtlığı var, düzdür müəyyən qədər su itkisi də var. "Azərsu"nu başa düşürəm, çünki onlar hər dəfə müəyyən işləri görmək üçün dövlətə müraciət edirlər, əlavə vəsait istəyirlər və sair. Bunu da əsasən suyun qiymətinin aşağı olması ilə əlaqələndirirlər. Amma indiki şəraitdə onsuz da inflyasiya gedir. Faktiki olaraq qiymət artımı kifayət qədər yüksəkdir. Yəni ərzaq məhsullarında, qeyri-ərzaq məhsullarında inflyasiya gedir. Bunun qarşısı alınmır. Nə qədər ki, Rusiya-Ukrayna müharibəsi var, bu gedəcək".

Millət vəkilinin fikrincə, suyun qiymətinin artması birbaşa insanların həyatına, onların maddiyyatına təsir edəcək.

"Bu da böyük problemlər yarada bilər. Bunların hamısını hesablamaq lazımdır. Yenə deyirəm, mən "Azərsu"nu da başa düşürəm. Ümumiyyətlə gördüyü işlər çoxdur, bölgələrdə, şəhərlərdə işləyirlər, vəsaitləri çatmır. Bunun üçün də hər dəfə dövlətə müraciət edirlər ki, müəyyən qədər vəsaitlər alsınlar, problem olur və sair. Bu, əsas onunla əlaqədardır. Amma yenə deyirəm, indiki vəziyyətdə ümumiyyətlə, bunu etmək olmaz. Hesablamalara oturub baxmaq lazımdır. Amma gələcəkdə ola bilər ki, bu məsələ gündəmə gələ bilər", - deyə Vahid Əhmədov qeyd etdi.

Həmidə İbrahimli