Avtobuslarda gediş haqqı artıb, xidmətin keyfiyyəti isə...
Məlum olduğu kimi, fevral ayının 3-dən etibarən avtobuslarda gediş haqqı qaldırılıb. Rəsmi açıqlamada qeyd olunurdu ki, qiymət artımı avtobus parklarının yenilənməsinə imkan yaradacaq, xidmətin keyfiyyətinin yüksəldilməsinə və dayanıqlılığına müsbət təsir göstərəcək. Amma hal-hazırda bəzi avtobuslarda vəziyyət heç də ürəkaçan deyil. Məsələn, şəhərin 41, 36, 133, 91, 92, 53, 104, 50, 66, 62 saylı avtobusları köhnə və yaxud da istifadəyə yarasız vəziyyətdədir.
Bəs, niyə qiymətlər qaldırılsa da, bu marşrut avtobuslarında xidmət dəyişmir və ya nə zaman dəyişiləcək?
Məsələ ilə bağlı Redaktor.az-a danışan Bakı Nəqliyyat Agentliyinin (BNA) Sərnişindaşıma şöbəsinin müdiri Vüqar Məmmədzadə bildirdi ki, agentlik tərəfindən paytaxt ərazisində keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi, avtobus parkının müasirləşdirilməsi, sərnişinlərin müntəzəm marşrut avtobuslarından təhlükəsiz və rahat istifadəsini təşkil etmək məqsədilə müvafiq işlər həyata keçirilir.
Onun sözlərinə görə, son illər istismar xərclərinin artması daşıyıcıların maliyyə vəziyyətinin pisləşməsinə və onların borclanmasına gətirib çıxarıb:
"Tariflərin yuxarı həddinin yenidən müəyyən olunması sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara maliyyə vəziyyətini sağlamlaşdırmağa və nəticədə mərhələli şəkildə vətəndaşa daha yüksək və keyfiyyətli xidmətin həyata keçirməsinə imkan verəcəkdir. Qeyd edilməlidir ki, prioritet olaraq daşıyıclar tərəfindən mövcud avtobus parkının sağlamlaşdırması prosesləri həyata keçirməli və paralel olaraq müasir nəqliyyat vasitələrinin alınması istiqmətində tədbirlər görülməlidir. Bununla bağlı daşıyıcılara müvafiq tapşırıq və tövsiyyələr verilir. Artıq müəyyən sahibkarlar tərədindən də yeni avtobusların alınması təşəbbüsləri vardır. Bundan əlavə Bakı şəhərində fəaliyyət göstərən müntəzəm marşrutlarla bağlı vətəndaşlar tərəfindən Agentliyə daxil olan şikayətlər, eyni zamanda tərəfimizdən aparılan araşdırmalar zamanı fəaliyyətləri qənaətbəxş hesab edilməyən marşrutların daşıyıcılarına xəbərdarlıqlar edilir və fəaliyyətində dönüş yaratmayan marşrutlar qanunvericiliyin tələblərinə uyğun olaraq müsabiqəyə çıxarılır. Buna baxmayaraq bir daha sərnişindaşıma sahəsində müvafiq qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarətin gücləndirilməsi, istismarında olan nəqliyyat vasitələrinin yeniləri ilə əvəz olunması və ya əsaslı təmir edilməsi, hər gün qaraj şəraitində reysqabağı texniki müayinədən keçirildikdən və mütəmadi təmizlik işləri aparıldıqdan sonra xəttə buraxılmasının vacibliyi qeyd etdiyiniz marşrutların (41№, 36№, 133№, 91№, 92№, 53№, 104№, 50№, 66№, 62№) müvəqqəti istismarçılarına tapşırılıb".
Məsələyə münasibət bildirən nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə isə, qiymətlərin artırılması o demək deyil ki, qısa müddət ərzində məsələ tez bir zamanda həllini tapacaq, təzə avtobuslar alınacaq:
"Bu dəqiqə Türkiyədə avtobusların istehsalı elə bir səviyyədədir ki, yəni siz sifarişi verirsiz, beş aydan sonra, bir ildən sonra avtobuslar təqdim olunur. Bu qiymət artımı da təxminən iki ay müddətdir ki, var. Bu müddət ərzində də belə qeyri-adi, fantastik nəsə dəyişikliklər gözləməyə dəyməz. Ola bilər bəziləri borclarını bağlaya bilər, çünki şirkətlər hamısı bu dəqiqə borc içindədir. Bəzi ehtiyat hissələrini alıb xarab olmuş nasaz avtobuslarını təmir edə bilərlər, xəttə buraxa bilərlər. Yəni bu kimi işlər görülə bilər. Yoxsa belə keçən ay qiymət artıb, bu aydan təzə avtobuslar gəlsin, belə bir şey real deyil axı. Qiymət artımı 10 qəpikdir. Bununla şirkət neyləsin?"
Həmidə İbrahimli