"Çörəyin qiyməti daha kəskin dərəcədə aşağı düşməlidir" - Ekspert

 18:30 15.03.2023     951

Xəbər verdiyimiz kimi, martın 11-dən etibarən iri market şəbəkələrində 650 qramlıq dairəvi (zavod) çörəyin qiyməti 70 qəpikdən 65 qəpiyə düşüb.

Bu, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin istehlak bazarına nəzarət tədbirləri çərçivəsində əhalinin istehlak səbətində xüsusi yer tutan ərzaq məhsulları, o cümlədən un və çörək bazarında mütəmadi monitorinqlərin nəticələrinə əsasən müşahidə olunub.

Bəs, çörəyin qiymətinin ucuzlaşması nə ilə izah olunur?

Məsələ ilə bağlı Redaktor.az-a danışan iqtidasçı ekspert Natiq Cəfərli bildirdi ki, çörəyin qiymətinin ucuzlaşmasının səbəbi çox sadədir.

Onun sözlərinə görə, taxılın qiymətləri son altı ayda dünya bazarlarında 30 faizdən çox düşüb:

"Bəzi taxıl növləri üzrə isə hətta 40 faiz qiymət ucuzlaşıb. Azərbaycan da taxılı xaricdən alır. Hətta bizdə məntiqlə daha böyük ucuzlaşma gözlənilməli idi. Amma hələlik cəmi beş qəpiklik ucuzluq müşahidə olunur. Bu tendensiya davam etsə və taxılın qiymətlərində növbəti ucuzlaşma dalğaları yaransa, Azərbaycanda unun qiymətində də, çörəyin qiymətində də, un məmulatlarının qiymətində də məntiqlə ucuzlaşma olmalıdır. Çünki biz ehtiyaclarımızı 75 faiz xaricdən təmin edirik. Əsasən də, əmtəəlik buğdaya və una olan ehtiyaclarımızı. Xaricdə də qiymətlər kəskin enir və enirsə, Azərbaycana gətirilən taxılın və unun qiymətində də, maya dəyərində də ucuzlaşma baş verir. Çörəyin qiyməti əslində daha kəskin və hiss ediləcək dərəcədə aşağı düşməlidir".

Həmidə İbrahimli