Su qıtlığının qarşısı necə alınır? - Ekspert açıqladı

 14:04 29.03.2023     1772

Hal-hazırda dünyanın bir sıra ölkələrində olduğu kimi Azərbaycanda da su qıtlığı müşahidə olunur. Ölkənin ən böyük çayı olan Kürdə suyun səviyyəsi xeyli aşağı düşüb ki, bu da Kürətrafı rayonlar üçün ciddi çətinliklər yaradıb.

Bəs, vəziyyətdən çıxış yolu nədir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən su problemləri üzrə ekspert Rövşən Abbasov bildirdi ki, hal-hazırda Azərbaycanda su qıtlığının yaranmaması istiqamətində görülən tədbirlər çoxdur.

“Məsələn, mən elə burada dövlət tərəfindən Su Komissiyasının yaradılmasını vurğulaya bilərəm. Su Komissiyası öz qarşısında çox istiqamətli fəaliyyətlər məqsədləri qoyub. Burada əsas istiqamət suyun düzgün bölüşdürülməsi, yeni suvarma qrafiklərinin tərtib olunması, eyni zamanda su itkilərinin azaldılması üçün infrastrukturun dəyişməsi, torpaq kanalların beton kanallarla və borularla əvəz edilməsinə yönəldirilir. Bəzi yerlərdə sayğaclaşdırılma gedir. Həm də kiçik fermerlər üçün subsidiyalar ayrılıb ki, onlar müasir suvarma üsullarına keçsinlər" - deyə o, qeyd etdi.

Ekspertin sözlərinə görə, bu gün əsas fəaliyyətlər su itkilərinin qarşısının alınmasına istiqamətlənir:

"Dağlıq rayonlarda da bir neçə su anbarının tikintisi nəzərdə tutulub. Artıq bəzilərinin layihə sənədləri də hazırdır. Məsələn, Qəbələ rayonunda belə bir su anbarının tikintisi nəzərdə tutulur. Ümid edirəm ki, müəyyən istiqamətdə bütün bu tədbirlər su ilə təminatı yaxşılaşdırmaq üçün öz töhfəsini verəcək”.

Nərmin NƏSİBLİ