"Boşanmaların sayı bir az da artacaq" - Əhməd Qəşəmoğlu

 15:57 18.04.2023     1324

Dünən Dövlət Statistika Komitəsi məlumat yayıb ki, bu ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri 7 541 nikah və 3 014 boşanma halı qeydə alıb. 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,9-dan 4,6-ya düşüb, boşanmaların sayı isə 1,5-dən 1,8-ə qədər artıb.

Bəs, niyə boşanmaların sayı günü-gündən artır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, boşanmalar gələn il bir az da artacaq.

Onun sözlərinə görə, boşanmaların səbəbi bir çox amillərlə bağlıdır:

"Boşanmaların sayı artmalıdır da, ayrı nə cür ola bilər? Mən bunu 20 ildir deyirəm ki, gələn il bir az da artacaq, bir az da artacaq. Artıq 2014-cü ildən belə bir start götürüb, daha sürətlə artır. Bu təbii ki, bir çox başqa amillərlə bağlıdır: həm mənəvi, həm maddi. Amma bu artmağın qarşısını almaq olardı, indi də olar. Bunun üçün vacib olan işlər görülməlidir. Təəssüf ki, vacib olan işlər görülmür. İndi cəmiyyət günü-gündən mürəkkəbləşib, həssaslaşıb, insanlar arasında qarşılıqlı əlaqələrdə belə yeni xüsusiyyətlər yaranıb. Belə bir vaxtda ailə ilə bağlı məsələləri 30-40 il bundan qabaqkı metodlarla həll etmək olmaz. İndi tamamilə yeni bir yanaşma tələb olunur. Bu yeni yanaşmanın mahiyyəti nədən ibarətdir? Deməliyik ki, bu ailə ki var, bunun əbədi, əzəli funksiyaları var: 1000 il qabaq da, 500 il qabaqda, 100 il qabaqda, indi də. Həmin əbədi, əzəli funksiyalar mənim kitablarımda kifayət qədər öz əksini tapıb. Onlayn variantı olan bir kitabım var. Adı belədir: "Ömrün uğurlu bünövrəsi". Mən elə birinci fəsildə bunları yazmışam ki, ailənin əbədi, əzəli funksiyaları hansıdır".

Sosioloqun fikrincə, biz bu dəyişmiş cəmiyyətdə, şəraitdə elə texnologiyalar, elə fəaliyyət proqramları qurmalıyıq ki, ailə yenə öz əbədi, əzəli funksiyalarını yerinə yetirsin.

"Bunun üçün ciddi elmi-araşdırmalar lazımdır. Bu elmi-araşdırmalar əsasında hazırlanan tövsiyələr, fəaliyyət proqramı lazımdır. Onları həyata keçirmək üçün kifayət qədər yeni xidmətlər, sosialist xidmətləri lazımdır. Amma bunların heç hansını heç kim sanki başa düşmür, eləmir və ancaq elə ildə bir dəfə dizimizə döyür, deyirik ki, boşanmaların sayı çoxaldı. Təbii ki, çoxalmalıdır. Əgər bir problem varsa, o problemi həll etməyin öz metodları var. Bu metodlar yoxdursa, o problem həll olunmaz ki! Bu, tibbdə ona bənzəyir ki, bir xəstəlik varsa, o xəstəliyi özünə uyğun yollarla müalicə etsən sağalacaq. O üsullarla yox, başqa üsullarla müalicə etsən, bir az da çətinləşəcək. Sadəcə, bizdə bu məsələrlə peşəkar şəkildə məşğul olan elmi mərkəzlər lazımdır. İndiki kimi formal məşğul olan yox, ciddi elmi mərkəzlər lazımdır. Bu gün bunu respublikada kimə deyirsən xətrinə dəyir", - deyə Ə.Qəşəmoğlu əlavə etdi.

Həmidə İbrahimli