Eyyub Hüseynov marketlərdəki şişirdilmiş qiymətlərin səbəbini AÇIQLADI

 17:10 05.05.2023     1302

Bəzən mağazalarda məhsullar arasında qiymət fərqləri müşahidə olunur. Bir mağazada qiymət ucuz, digərində isə ondan daha baha qiymətə satılır.

Bəs, maraqlıdır mağazalar arasında qiymət fərqləri nədən irəli gəlir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, azad bazar iqtisadiyyatıdır.

Onun sözlərinə görə, hansı mağaza, necə istəsə, məhsul qoyub sata bilər və burada seçim istehlakçınındır:

"Lakin mağazalarda xüsusən ərzaq mallarında şişirdilmiş qiymətlər meydana çıxır. Mənə verilən məlumata görə, malların üzərinə mağazalar özləri 25 faiz qoyurlar. Mal təchizatçısından, hazır satışdan sonra 20 faiz pul alırlar. Hələ bəzi kampaniyalar keçirirlər. Mal təchizatçılarını məcbur edirlər ki, orada iştirak etsinlər və s. Bir sözlə, marketlər şişirdilmiş qiymətə rəvac verən çox ciddi amillərdir və mal təchizatçıları səslərini çıxartmağa qorxurlar. Bu qədər izafi xərclərə dözə bilmirlər. Onlar malları minimum aşağı qiymətə qoyurlar. Xüsusən ət məhsulları, kolbasa, sosiska istehsalçıları və sair. Çox təəssüflər olsun ki, mağazalar üçün müəyyən bir hədd yoxdur. Nazirlər Kabinetinin heç bir qərarı yoxdur. Başqa ölkələrdəki təcrübə Azərbaycanda tətbiq olunmur. Azad İstehlakçılar Birliyi olaraq Sahibkarlar Konfederasiyası ilə 8 ay öncə məsləhətləşdik ki, bu məsələləri həll etmək üçün Nazirlər Kabineti qarşısında məsələ qaldıraq. Lakin Sahibkarlar Konfederasiyası heç bir dəstək vermədi. Yəni mağazalar malın üzərinə nə qədər qoya bilər kimi bir hədlər müəyyən olunmalıdır, yoxsa mal təchizatçılarını şantaj edib sənin malını çıxardaram deyə, malın üzərinə 50 faizə qədər qiymət gətirib qoyulması, əlbəttə istehlakçıların cibindən çıxır".

Ekspertin sözlərinə görə, bu hal insanların kasıblaşmasına səbəb olur:

"Ona görə də mağazalar şəbəkəsi çoxaldıqca, o qədər mal təchizatçılarından çox pul soyur. Çünki deyir ki, malını çox yerə paylayacam. Bu anormal hal mütləq aradan götürülməlidir. Çünki istehlakçıların cibindən çıxır. Çox təəssüflər olsun ki, istehlakçı hüquqlarını qoruyan dövlət qurumu bunlara əhəmiyyət vermir. Mağaza şəbəkələri üçün heç bir qanun-qayda yoxdur. Nazirlər Kabinetinin heç bir qərarı yoxdur. Mağazalar mal təchizatçıları ilə istədiyi kimi davranırlar. Bu, yolverilməzdir. Onlar da qorxularından səsini çıxarda bilmir. Malları ümumiyyətlə şəbəkəyə yerləşdirmək üçün bəri başdan da külli miqdarda nəğd pul alırlar. Qeyd etdiyim kimi, o azmış kimi satışdan da pul götürürlər, özləri də əlavə edirlər və s. Gəlir hamısı istehlakçının cibindən çıxır. Ona görə də bu, mağaza şəbəkə sahiblərinin insafına qalır ki, kimlə necə davranacaq".

Həmidə İbrahimli