Avtobuslarda gediş haqqı artacaq? - Rəsmi AÇIQLAMA

 12:32 15.05.2023     1358

Xəbər verdiyimiz kimi, Bakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcı şirkətlər onlara verilən yanacaq (dizel) subsidiyasının fevralın 1-dən kəsilməsinə etiraz ediblər.

Məsələ ilə bağlı baş nazir Əli Əsədova müraciət ünvanlayan şirkətlər gedişhaqqının 10 qəpik artırılmasından dərhal sonra subsidiyanın kəsilməsinin onların fəaliyyətinə ciddi çətinliklər yaratdığını bildirib.

Bəs, buna görə yenidən qiymət artımına gedilə bilərmi?

Məsələ ilə bağlı Redaktor.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, bu, yenidən qiymət artımına hazırlıq mərhələsidir və daim belə olacaq.

Onun sözlərinə görə, bu sistemin idarəetməsi ilə bağlı problemlər həll olunmadıqca və hökumət difrensial gediş haqqı sisteminə keçid etməsə, bu, belə davam edəcək:

“Diferensial gediş haqqı bir çox ölkələrdə olan sistemdir. Bizdə gediş haqqı deyəndə bir dəfəlik gedişin qiyməti nəzərdə tutulur. Məsələn, bu gediş haqqı 30 qəpik idi, indi 40 qəpik oldu. Lakin dünyanın hər yerində bir dəfəlik gediş haqqı baha olub həmişə. Bu ölkələrdə gediş haqlara diferensial yanaşma olur. Məsələn, bir günlük, bir aylıq, altı aylıq, bir illik olur bu gediş haqlarının qiyməti. Bu zaman qiymət avtomatik düşür. Tutaq ki, bir dəfəlik gediş haqqı Avropada 3-3.5 avrodusa, bunu bir illik alsanız 50-60 sentə düşür. Normal yanaşma budur".

Ekspertin fikrincə ictimai nəqliyyatda ikinci problem idarəetmədədir:

"Bizdə nəqliyyat sistemi pərakəndə fəaliyyət göstərir. Dünyanın hər yerində nəqliyyat sistemlərinə böyük şəhər bələdiyyələri baxır. Onlar da nəqliyyat sistemini bir vahid mərkəzdən idarə edirlər. Bizdə isə böyük şəhər bələdiyyəsi də, mer institutu da yoxdur.  Onun əvəzinə dövlət qurumları var, bu sahəyə eyni anda Metropoliten, Bakı şəhər İcra Hakimiyyəti, "Baku Bus", Yerüstü Nəqliyyat Agentliyi, Rabitə və İnformasiya Texnologiyaları nazirliyi nəzarət edir. Hərəsi də öz qaydalarını tətbiq edir. Bu da pərakəndəliyə səbəb olur və qiymət artımında da idarə etmədə olan boşluqlar da ciddi rol oynayır".

N.Cəfərli onu da əlavə etdi ki, Azərbaycanda bu sahənin problemlərinin köklü həlli sadaladığı iki nöqsanın aradan qaldırılmasından asılıdır:

"Bu sistemə keçilsə, müəyyən güzəştlər də ola bilər. Məsələn, tələbələr və təqaüdçülər üçün güzəştlər, 6 aylıq, bir illik gediş haqlarının ucuzlaşdırlması olmalıdır. Bu zaman gediş haqqı lap bir manat da ola bilər. Burda problem yoxdur. Problem odur ki, bütün gediş haqlarına aid olmamalıdır. Bizdə sözün yaxşı mənasında mürəkkəb sistem yoxdur, primitivcəsinə daim gediş haqqının artırılması müzakirə obyektinə çevrilir. Yəqin ki, ilin sonuna qədər bir neçə dəfə belə nəbz yoxlamaları olacaq. Və ola bilər ki, yanvardan yenidən qiymət artımının şahidi olaq”.

Bakı Nəqliyyat Agentliyi (BNA) də bu gün avtobuslarda gediş haqların artırılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

BNA-nın mətbuat katibi Mais Ağayev bildirib ki, paytaxtda sərnişindaşıma qiymətlərinin artımı ilə bağlı Tarif Şurasına müraciət olunmayıb.

“Bu məsələ hazırda BNA-nın müzakirə mövzusu deyil”, - deyə o qeyd edib.

Qeyd edək ki, Tarif Şurasının 31 yanvar 2023-cü il tarixində keçirilən növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılıb və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib. Ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilib. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunub. Qərar 3 fevral 2023-cü il tarixindən qüvvəyə minib.

Həmidə İBRAHİMLİ